Minskdən Belarusda nüvə silahının yerləşdirilməsinə reaksiya: “Məcburi cavabdır”

Dünya

28.03.2023 - 15:11

Belarus XİN: “Rusiya nüvə silahının dövlətin ərazisində yerləşdirilməsini müdafiə qabiliyyətini və təhlükəsizliyi gücləndirmək üçündür”

Belarus Rusiya nüvə silahının dövlətin ərazisində yerləşdirilməsini müdafiə qabiliyyətini və təhlükəsizliyi gücləndirmək üçün “məcburi cavab tədbirləri” adlandırıb. İddialara görə, bu addım heç bir şəkildə Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (START) pozmur.

AYNA-nın xəbərinə görə, Belarus Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda qeyd edilir ki, Belarus və Rusiya arasında hərbi əməkdaşlıq ciddi şəkildə beynəlxalq hüquq normalarına uyğun həyata keçirilir: “Belarusun təyyarələrinin xüsusi döyüş sursatı ilə idarə etməyə qadir pilotların hazırlanması, belə təyyarələrin modernləşdirilməsi, həmçinin nüvə başlıqlarının yerləşdirilməsi bura daxildir. Belarus ərazisi üzərində nəzarəti Minskə vermədən, habelə müvafiq texnologiyalardan istifadə etmək START-a heç bir şəkildə zidd deyil”.

XİN əlavə edib ki, bu cür hərəkətləri qeyri-nüvə və nüvə gücləri arasında hərbi əməkdaşlıq sahəsində yenilik adlandırmaq olmaz. Rəsmi Minsk birgə nüvə missiyaları təcrübəsinin çoxdan mövcud olduğu NATO-ya istinad edib. Nazirliyin bəyanatına görə, Alyansa üzv ölkələrin ərazisində ABŞ-ın 150 taktiki nüvə silahı və onlardan istifadə üçün 250 təyyarə yerləşdirilib.

XİN "bütün tərəfdaşları" qlobal və regional təhlükəsizliyin arxitekturasının, silahsızlanmanın çoxtərəfli mexanizmlərinin gücləndirilməsinə yönəlmiş konstruktiv və qarşılıqlı hörmətli dialoq naminə "qarşıdurma ritorikasından və silahlanma yarışının inkişaf edən spiralından" imtina etməyə çağırıb.

Qeyd edək ki, ötən həftə Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahlarının yerləşdiriləcəyini açıqlayıb. “İsgəndər” kompleksi iyulun 1-dək tikintisi başa çatmalı olan xüsusi anbara göndəriləcək.

Avropa ölkələri Putinin açıqlamasına reaksiya verib. Latviya Belarusu Rusiya Federasiyasının digər hərbi dairəsi adlandırıb, Almaniya isə işğalçı dövləti “nüvə ilə qorxutmaqda” ittiham edib. Avropa Komissiyası “İsgəndər”in Belarusda yerləşdirilməsinə sanksiyalarla cavab verəcəyini vəd edib.

“Xalqın xidmətçisi”nin rəhbəri David Araxamia Rusiya Federasiyasının planlarını Belarus Respublikasından gələn təhlükənin artması adlandırıb. O, etiraf edib ki, Ukraynanın əlavə səfərbərliyə ehtiyacı ola bilər ki, bu, Belarusla sərhəddə müdafiəni gücləndirmək deməkdir.

Müəllif: Turan Abdulla