SMS icazə olmadan yaşadığı yeri tərk edənlər barəsində cərimə protokolu tərtib edilir
Mingəçevirdə sərtləşdirilmiş karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları reydləri davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, giriş-çıxışlarda qurulan postlarda hərəkətinə icazə verilən nəqliyyat vasitələri istisna olmaqla, digərlərinin şəhərə giriş-çıxışı məhdudlaşdırılıb.
Reydlər zamanı polis əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən şəxslər planşet vasitəsilə yoxlanılır və SMS icazə olmadan yaşadığı yeri tərk edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.
Bundan başqa, ictimai nəqliyyatda, mağazalarda, açıq ictimai məkanlarda keçirilən nəzarət profilaktik tədbirlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən və ya tələb olunan normalara uyğun şəkildə taxmayan şəxslər aşkarlandıqda onlara tibbi maskadan düzgün istifadənin zəruriliyi, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi bildirilir.