Onun AMB İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ gündəliyə salınıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar məsələ parlamentin müzakirəsinə çıxarılacaq. AYNA xəbər verir ki, E.Rüstəmovun AMB İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ Milli Məclisin aprelin 9-da keçiriləcək iclasının gündəliyinə salınıb.
Qanunvericiliyə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri vəzifəyə beş il müddətinə təyin edilirlər. Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri də beş il müddətinə vəzifəyə təyin olunurlar.
Qeyd edək ki, Elman Rüstəmov axırıncı dəfə Milli Məclisin 2015-ci ilin 3 aprelində keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təsdiq edilmişdi.