“Məmurlar QHT adı eşidəndə haldan-hala düşürlər ki, görəsən nəyə gəlir”

Cəmiyyət

30.12.2020 - 23:04

Çingiz Ramazanlı: “TƏBİB ilə ünsiyyətə girə bilmirik, o, əlçatmaz quruma çevrilib”

 

Azərbaycanda əlilliyin təyin olanması ilə bağlı yaranan süni maneələr davam edir. AYNA mövzunu “Vərəmsiz Gələcəyə Doğru” Pasiyent Hüquqlarının Müdafiəsi və Onlara Qayğı İctimai Birliyinin rəhbəri Çingiz Ramazanlı ilə müzakirə edib.

 

- Pasiyentlər yaşadıqları problemlər, hüquqlarının pozulması zamanı bizə müraciət edirlər və biz nizamnaməyə əsasən vərəm və digər infeksion xəstəliklərlə bağlı problemləri araşdırırıq və həm də bu yöndə dövlət qurumlarına kömək oluruq. Təşkilatımız 2017-ci ilin may ayında yaranıb, lakin Ədliyyə Nazirliyi tərəfindən 2020-ci ilin iyun ayında qeydiyyatdan keçirilib. Əlilliyin alınması ilə bağlı vərəm müalicəsində pasiyentlər üzləşdikləri çətinliklər barədə bizə sorğular göndərirlər və biz də bu sahədə onların pozulmuş hüquqlarının dövlət qurumları ilə əlbir olaraq bərpasına çalışırıq. Ən çox müraciət əlilliyin alınmasında olan problemlərlə bağlıdır.

No description available.

- Əlilliyin verilməsində imtinalar nə ilə bağlı olur? Nələri əsas götürərək imtina edirlər?

 

- Əsasən imtinalar “təkrar müalicəyə ehtiyacı var” adlı ilə verilir. Yəni “təkrar müalicəyə ehtiyacı var” o deməkdir ki, indiyədək nə qədər müalicə olunubsa, azdır və bu, əlilliyin təyin olunması üçün əsas deyil. Lakin Nazirlər Kabinetinin (NK) keçmiş qərarı var. Həmin qərara əsasən, orda altı aydan on iki aya qədər ambulator və ya stasionar müddət keçməli idi ki, ondan sonra ağırlaşmalar olursa, bu zaman vərəm xəstəliyinə görə, pasyient Tibbi Sosial Həkim Ekspert Komissiyasına təqdim oluna bilər. O, qeydiyyatda olduğu müalicə müəssisəsinə təqdim olunmalıdır. Lakin aydındır ki, NK-nın köhnə qərarı qüvvəsini itirmiş olur və yeni qaydalar çıxır. NK əlilliyin qiymətləndirilməsi sahəsindəki yeni qaydalarda isə göstərir ki, əvvəl deyildiyi kimi, altı aydan on iki aya qədər deyil, vərəmin davamlı formaları təyin edildikdə müddət gözlənilmədən əlillik təyin edilməlidir. Davamlı forma isə özü iki qrupa bölünür: Çoxsaylı dərmanlara davamlı və genişsaylı dərmanlara davamlı vərəm. Hər ikisi ilə bağlı NK-nın yeni qərarında göstərilir ki, müddət gözlənilmədən verilir.

 

- Ağırlaşdırıcı hallar nədir?

 

- Orqanizmin normal həyat funksiyalarına ümumi xəstəlik fonunda ciddi fəsadlar yarada bilən bronxial, nəfəsyolu, ürək çatışmazlıqları və s. Xəstəlik fonunda bunlar da özünü büruzə verir. Ən əsası da vərəmin çoxsaylı və genişsaylı dərmanlara davamlı forması varsa, bunlar artıq icazə verir ki, müddət gözləmədən əlilliyin təyin edilməsinə göndərilsin.

 

- Bunu bilə-bilə niyə imtina verilir?

 

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tibbi Sosial Həkim Ekspert Komissiyası (TSHEK), sanki əhalinin bu sahədəki maarifsizliyindən istifadə edərək, elə hamısına deyir ki, “əlavə müalicəyə ehtiyacı var”. Axı, o sənədlər göndərilirsə, həmin o sənədləri göndərən yerlərdə oturan həkimlər də təcrübəli həkimlərdir, onlar da bu qaydaları bilirlər. Əgər davamlı vərəm forması görmürlərsə, bakterial nöqteyi-nəzərdən bəlğəm analizindən sübut olunmursa ki, vərəmin davamlı formasıdır, o, necə göndərə bilər onu? Axı, o, risk edir, əsassız göndəriş də olmaz. Bunların hamısı araşdırılır, orada oturanlar da həkimdir. Ona görə də imtinanı əsassız göndərirlər, biz onu əsassız sayırıq. Cənab nazir Sahil Babayevə ünvanladığımız məktublarda Vətəndaş Cəmiyyəti adından araşdırmanı yenidən aparmalarını xahiş edirik.

 

- Başqa hansı imtinalar barədə sizə məlumatlar daxil olur?

 

- İmtinalardan bir qismi də odur ki, əlilliyin qiymətləndirilməsinə göndəriş pasiyentin qeydiyyatda olduğu müalicə müəssisəsi tərəfindən verilməlidir. Belə baxanda düz olduğunu düşünürəm. Məsələn, mən Xəzər rayonunda yaşayıram, əlilliyim təyini üçün müraciət etmişəmsə, TSHEK tələb edir ki, əlilliyin qiymətləndirilməsi Xəzər Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsi tərəfinfən göndərilməlidir. Lakin nəzərə almaq lazmdır ki, çox xəstəxanlarda vərəm kabineti olmadığına görə, qanunvericilikdə icazə verilmiş digər hallar daxilində pasiyent Vərəm Dispanserinə göndərilir. Məsələn, Xəzər rayonunda 7 saylı Vərəm Dispanseri var. Lakin elə rayonlar var ki, orda yoxdur. Elə rayonlar var ki, poliklinikaların nəzdində vərəm şöbələri var. İndi bura diqqət edin, görün, bununla bağlı bəzi hallarda imtinaya göndərilərkən nəyi qeyd edirlər. İmtina səbəbində göstərilir ki, “pasiyentin əlilliyinin qiymətləndirilməsinə göndəriş yaşadığı ərazi üzrə tibb müalicə müəssisəsi tərəfindən verilməmişdir”. Məsələn, belə bir hal olub ki, pasiyent bizə müraciət edib ki, özü Qaradağ rayonunda yaşayır, lakin o, Ağciyər Xəsətlikləri İnstitutu tərərfindən müvafiq Vərəməleyhinə Dispanserdə müalicə olunması üçün göndərilib. Bilirik ki, bütün xəstəxanalar TƏBİB-ə tabedir. Yəni əlilliyin təyinatından imtina edilir və geri qaytarılır ki, getsin, qeydiyyat üzrə sənədləri rəsmiləşdirsin. Bunun nə fərqinin olması hələ mənə çatmır.

 

- İmtina cavabı verilməsin deyə nə edilməlidir? Bəlkə, həmin qərarları da sənədlərin içərisində onlara təqdim etsinlər…

 

- Məsələyə individual deyil, kökündən yanaşmaq lazımdır. Və birdəfəlik olaraq forma yaranmalıdır ki, əlilliyin təyin olunmasında qanunvericiliyin göstərişlərinə əməl olunmalıdır.

 

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni protokollarına əsasən, vərəmin ambulator modelinə keçirilir. Yəni vətəndaş, pasyientyönümlü formalarına keçilir. Bu, nə deməkdir?

 

- Stasionar vərəm müalicəsi demək olar ki, ləğv olunur. Bir neçə faiz saxlanılmaqla, ağır hallar üçün nəzərdə tutulur. Çünki hamı işindən ayrılmadan, vaxtı vaxtında, birbaşa nəzarət altında dərmanlar qəbul etməlidir. Həmin dərmanları qəbul edir, daha sonra işləri ilə məşğul olurlar. Çünki iki həftə dərmanı qəbul edirsə, o, artıq ətrafı yoluxdurmur, abasilar formaya keçir. Xəstəlik sırf özünə aid olur, lakin müalicəyə ara vermədən dərmanlar qəbul edilməlidir. Çünki müalicəyə ara verilsə, o, resedivlər yaradır.

 

- Təşkilatınıza daha hansı problemlərlə bağlı şikaytələr daxil olur?

 

- Vərəmin müalicəsindəki keyfiyyətsizlik barədə müraciətlər var. Məsələn, pasiyent deyir ki, “gedirəm dərmanları almağa, dərmanların biri var, üçü yoxdur”. Bu, artıq müalicənin yarımçıq qalmasına səbəb olur, yarımçıq qalma da xəstəliyin davamlı fromalarının yaranmasına gətirib çıxarır. Bununla bağlı müraciətlər çox olmasa da, belə tipli müraciət formaları da olur. Bununla bağlı problemləri də həll etməyi bacarmışıq. Bizim ən böyük uğurumuz müalicə həkimləri ilə birgə işləməyimizdir.

 

- Əlilliyin təyin olunması prosesi elektron qaydada aparılır, burda hər hansı mənfi nüanslar ola bilərmi? Yəni, kimsə rüşvət və ya qohumbazlıq hesabına əlillik əldə edə bilərmi?

 

- Bütün bu proseslər elektron sistem formasında həyata keçirilir. Sistemdə həmin sənəd adsızlaşdırılır. Lakin əvvəlki qaydada mənfi-müsbət tərəfləri olduğu kimi, bu elektron sistemin də mənfi və müsbət tərəfləri var. Mən bu barədə Nazirlikdə də öz fikrimi bildirdim ki, düzdür, elektron olaraq sənəd adsızlaşdırılır və pasienti görmürlər, bəlkə həmin sənədlər də elə saxta və rüşvətlə əldə olunmuş sənəddir, axı, əvvəlki sistemdən fərqli olaraq birbaşa pasiyent yoxlanılmır. Əvvəlki qaydada elektron olmayan zamanlarda həkimlər pasiyenti görür, müayinə edirlər. Ancaq adsızlaşdırılıb sistemə vurulan pasiyentin sənədlərinin də rüşvətlə əldə olunma halları çox ola bilər. Bunu deyəndə də mənə qəribə baxırdılar. Hər kəs özünün düz olduğunu sübut etməyə çalışır. Onlar yerlərinə görə narahatdırlar, nəyisə səhv olsa, onu düz kimi qələmə verməyə çalışırlar, çünki dövlət məmurlarıdır. Elektron sistemin üstünlükləri çox ola bilər. Lakin onun da üstündə çox işlənməli, təkmilləşdirilməlidir. Bunun üçün çox yaxşı olardı ki, birbaşa ön çəbhədə olaraq pasiyentlə göz-gözə işləyən bizim kimi təşkilatların da fikirlərini öyrənərdilər. Bizim devizimiz belədir: “Biz insanlara deyil, insanlığa xidmət edirik”. Sizin vasitənizlə pasiyentlərə səslənirəm ki, bu sahə ilə bağlı nə problemləri olsa, çəkinmədən bizə müraciət edə bilərlər. Müraciət yalnız yazılı şəkildə olmalı, ərizə və ərizəyə daxil olan sənədlər də olmalıdır.

 

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və səhiyyə qurumları ilə təmaslarınızı necə qurursunuz?

 

- Biz dəfələrlə ƏƏSMN-nə məktublar yazırıq. Kargüzarlıq qaydalarına əsasən, qanuni qaydada müracət məktubları ünvanlayırıq. Lakin onlar buna çox səthi yanaşırlar. Düzdür, məktublar cavablandırılır, lakin ya gecikir, ya məktubun icra müddəti bitdiyi üçün dönə-dönə zəng olunur, iş-işdən keçdikdən sonra cavab verilir. “Biz sizlə əlaqə saxlayacağıq” deyilib, nömrələrə cavab vermirlər və s. kimi problemlər hələ də qalmaqdadır. Əvvəl deyirdilər, pandemiya dövrüdür, sonra dedilər, müharibə başladı. Sanki, bütün Nazirlik müharibəyə gedib. Yenə cavbları gecikdirirlər və səbəb kimi də qeyd edirlər ki, ya pandemiyanın ağırlaşma dövrüdür, ya da müharibə gedir ölkədə və s. “Vətəndaş Müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının qanuna görə, vətəndaşların müraciətlərinə 30 iş gününə qədər cavab verilməlidir. Əgər əlavə araşdırılma tələb olunursa, 15 iş günü də üzərinə gəlir. Amma bunların cavabı 45 günü də ötür.

 

Səhiyyə sahəsinə gəldikdə, bildiyimiz kimi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaranması ilə Səhiyyə Nazirliyinin səlahiyyətləri məhdudlaşdırılıb. TƏBİB-lə bağlı bir sıra problemlər ortaya çıxıb. Çünki biz TƏBİB nümayəndələri ilə ünsiyyətə girə bilmirik. Bu qurum tam əlçatmaz olub. Onlar əllərində əsas tuturlar ki, “pandemiya dövrüdür, çətinliklərimiz çoxdur, heç kəsi dinləməyə vaxtımız yoxdur”. Ancaq bu, düzgün deyil. Mən onlara sual verdim ki, yaxşı, siz deyirsiniz ki, gəlişiniz pandemiya dövrünə təsadüf etdi, ağır sınaqla qarşılaşdınız, axı, TƏBİB məhz tibbi problemlər, fəlakətlər yarandığı dövrdə onu həll etmək üçün yaradılıb. TƏBİB Səhiyyə Nazirliyinin varisi sayılır. Bəs, bu xəstəliklərlə başqa təşkilat və ya başqa nazirlik məşğul olmalıdır? Mən bunları kimisə günahlandırmaq üçün demirəm. Mənim deməyim odur ki, TƏBİB də dünya praktikasına müraciət etsin, tibbi yönümlü QHT-lərlə əlbir işləsin, onların əvəzssiz köməklərindən bəhrələnsin. Biz sizə kömək edək, hökumət strukturlarına qeyri-hökumət sektoru tərəfindən kömək əlimizi uzadaq. Bizim nizamnamə bunu özündə etiva edir. Biz getdiyimiz bütün ölkələrdə də, eləcə də postsovet ölkələrində də hamı bu cür işləyir. Bizdə isə belə deyil. Dövlət məmuru eşidəndə ki, QHT gəlir, haldan-hala düşürlər ki, görəsən, nəyə gəlir, xaricilərlə əlaqələri varmı və s. Bizə müraciət edən insanların məsələsini həll edən zaman, bəzi idarələrin məmurları, hətta, şəxsən məndən soruşublar ki, “həmin insan sizin qohumunuzdur?” Suala baxın. Burda yanaşma ancaq belədir. Sən kiməsə kömək edirsənsə, deməli, o, ya qohumundur, ya da sənə rüşvət verib ki, onun işi üçün bu qədər canfəşanlıq edirsiniz…

Müəllif: Ülviyyə Şahin