Mələk, cin və dələduz arasında: 5 ayda 300 fakt!

Maraqlı

31.10.2021 - 15:36

“Axmağın yanında həmişə dələduz tapılır”

Onore de Balzak

Bu günlərdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Instagram”da “Baxici falci arzu” adlı saxta səhifə yaradan gənc paytaxt sakinini saxlayıb. Səhifə açan şəxs onlayn falçılıq xidmətləri göstərmək adı altında ona müraciət edən müştərilərdən onlayn ödənişlər etməyi xahiş edib. Yeniyetmə müştərilərə müxtəlif bankların və onlayn ödəniş saytlarının rəsmi səhifələrinin prototiplərini təklif edib, onların vasitəsilə qurbanların bank kartının rekvizitlərini əldə edib.

Məlum olub ki, 5 ay ərzində yeniyetmə 300 (!) nəfərə yaxın şəxsin bank kartının rekvizitlərini öyrənib və xüsusi proqramlar vasitəsilə vətəndaşların kart hesablarından 100 min manata yaxın pulu təhlükəsiz şəkildə çıxarıb.

Əbədi sual

Bir dələduzun qurbanına çevrilmiş, deyək ki, sadə adamların (heç kəsi incitməmək üçün) böyük bir qrupu var. Ağıllı şəkildə qurulmuş tora düşən vətəndaşların kütləvi şəkildə “şallaqlanmasına” başlamazdan əvvəl, gəlin bir məsələni  anlamağa çalışaq: nə üçün nanotexnologiya və kosmos əsrində insanlar qurtuluşu cadu, cin çıxarma, sehr və s.-də axtarırlar? Və ümumiyyətlə, pis ruhlar, ziyan, pis göz, cinlər doğurdan var, yoxsa nənənin nağıllarıdır?

Dərhal qeyd edək ki, bu sual “Allah varmı?” sualına bənzəyir. Tərəflərin mövqeləri bəllidir. Hətta “Quran”da yəhudilərin Musadan (Musa) hər şeyə öz gözləri ilə əmin olmaq üçün Uca Allahın onlara görünməsini necə tələb etdikləri bildirilir. Və heç kimin Yaradanı gözü ilə görmək şansı olmadığından, sual, əlbəttə ki, kifayət qədər faktiki dəlilləri görmək itəməyənlər üçün bu günə qədər açıq qalır.

Buna görə də heç bir pis ruha və o biri dünya qüvvələrinə inanmayanlar üçün bu mövzularda xüsusilə narahat olmaq üçün heç bir səbəb yoxdur. Onlarla hər şey aydındır – inanmırlar və ona görə də onları bu cür tələyə salmaq olmaz.

Möminlərə gəlincə, tövhid dinləri yekdil fikirdədir: cadu, şər ruhlar, bəd nəzər və bu kimi hər şey gerçəkdir, olub, var və olacaq.

Xristianlıqda,..

Xristianlıqda zərərli ruhların reallığı və onlarla qarşılıqlı əlaqə (sehrli hərəkətlər) qabiliyyəti inkar edilmir. Üstəlik, müqəddəslərin bəzi həyat hekayələrində sehrbazlar və maqlar xatırlanır. Müqəddəslər ya imanları ilə Xristian Tanrısının gücünü nümayiş etdirərək sehrbaz olmaq təkliflərini rədd etdilər, ya da maq oldular, lakin inanaraq xristianlığı qəbul etdilər və asket həyatı ilə müqəddəsliyə layiq oldular.

Katolik kilsəsi bu günə qədər cin çıxarma ayinlərinə diqqət yetirir. Beləliklə, 1991-ci ilin sentyabrında yerli kilsə tərəfindən bu xidmətə həvalə edilmiş kahinlərin daxil olduğu Beynəlxalq Eqzorsizm Assosiasiyası yaradıldı. 13 iyun 2014-cü il tarixində Vatikan Ruhanilərin İşləri üzrə Konqreqasiyanın qərarı ilə Beynəlxalq Eqzorsizt Assosiasiyası kilsə hüququnun subyekti statusu əldə etdi və bununla da Müqəddəs Taxt-Tacın təsdiqini aldı. Bu vaxta qədər assosiasiyaya 30 ölkədən 250-yə yaxın keşiş, 2017-ci ildə 400-ə yaxın katolik keşiş və kilsə işçisi daxil idi.

2004-cü ildə Athenaeum Pontificium Regina Apostolorum adlanan Papa Akademiyası, cinləri qovmaq üçün katolik ruhaniləri üçün kurslar təşkil etdi. Kursun qiyməti 300 avrodur.

Yəhudilikdə...

Və yəhudilikdə hər şey aydın şəkildə təsvir edilib ki, heç bir şübhə qalmasın. Məsələn, “Tövrat”da cadu və falçılığın müxtəlif növləri və buna uyğun olaraq sehrbazlar və falçılardan bəhs edilir. Onlardan yalnız bir neçəsini təqdim edirik:

"Meonen" - "zəmanənin təsnifçisi", yəni müəyyən bir zamanın müəyyən bir iç üçün əlverişli olub-olmadığını ulduzlarla necə təyin edəcəyini bilən şəxs.

“Yidoni” - Yidoa adlı heyvanın sümüyünü ataraq, gələcəyi görən şəxsdir.

"Hover Haver" - müəyyən bir cadu texnikasından istifadə edərək, iki fərqli heyvanı birləşdirən bir insandır.

Nahş - falçılıq.

Keşef – cadugərlik.

Cadugərliyin xüsusi növü hər zaman zəhərli ilanların “ovsun” (laxaş – “pıçıltı”) vasitəsilə ovsunlanması olub. Ovsunçunu “pıçıldamaqda mahir” adlandırırdılar (Yeşayaqu). Özlərini bədbəxtlikdən qorumaq üçün lehaşim adlanan sehrli amuletlər taxırdılar. Yaraları da “pıçıltı” ilə ovsunlayırdılar ki, tez sağalsın.

Və İslamda

Sonuncu tövhid dininin bu məsələdəki mövqeyini “Quran”ın son iki surəsinin - "Fələq" və "Nas"ın mətni ilə tanış olanlar nəticə çıxara bilərlər. Belə ki, “Fələq” surəsi: “De ki: yaradılmışların şərindən, qaranlıq çökdüyü zaman gecənin şərrindən, düyünlərə üfləyənlərin şərindən və həsəd edənin, içindəki həsədə çölə vurdugu vaxt, şərindən; şəfəq aydınlığının Rəbbinə (Allaha) pənah aparıram”. “Nas” surəsi isə belədir: “De: “Pənah aparıram insanların Rəbbinə; İnsanların ixtiyar sahibinə; İnsanların tanrısına; Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən, O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, (O Şeytan) istər cinlərdən olsun, istər insanlardan!”.

Və təbii ki, İslamın bu mövzuda mövqeyinin ən parlaq sübutlarından biri müsəlmanların müqəddəs kitabında “Cin” surəsinin olmasıdır.

Tələb təklif doğurur

Onu da qeyd edək ki, bütün dinlərdə cadu və sehrlə məşğul olmaq böyük günahdır və qəti qadağandır. Amma hər zaman bununla alver edənlər və deyək ki, onların müştərisinə çevrilənlər olub. Biz cadugərlik iddiasında olanların hamısının şarlatan olduğunu iddia etməyi öhdəmizə götürmürük. Dünyada bu şübhəli sənəti öyrədən mərkəzlər kifayət qədərdir. Amma hər halda, insanın bu sahədə bilik səviyyəsi nə olursa olsun, bir şeyi başa düşmək lazımdır: “cadugər”in və ya “anti-cadugər”in yeganə məqsədi mənfəətdir. Qalan hər şey onu az maraqlandıran kiçik şeylərdir.

Təəssüf ki, bunu hamı başa düşmür. Və müxtəlif məişət məsələlərində falçılara, sehrbazlara müraciət edirlər. Nəticə həmişə acınacaqlıdır, istisnalar yoxdur. Bəs bunu kim dayandıracaq? Ana qızını kürəkəni ilə barışdırmaq istəyir, arvad onu tərk edən ərini geri qaytarmaq istəyir, atılmış məşuqə rəqibindən qisas almaq arzusu ilə yanır... Necə deyərlər, tələb təklifi yaradır. Və bu könüllü qurbanlar mehrabının ətrafına asan pul həvəskarlarının izdihamı toplanır və bir növ şər qüvvələrin və maxinasiya pərəstişkarlarının birjası formalaşır.

P.S. Dələduzun Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulması ilə bağlı xəbərlərə qayıdaq. Nə olursa olsun, amma müasir bir insanın nağdsız ödənişlər üçün əsas təhlükəsizlik qaydalarını öyrənməsi vaxtıdır. O biri dünya qüvvələri arzusunda olan yetkin əmi və xalaların azyaşlı bir uşaq tərəfindən aldadılması ayıbdır: 5 ayda 300-ə qədər insan aldadıldı! Yenə də yəqin ki, əvvəlcə bu fani dünyada işlərinizi qaydasına salmalısınız ki, yalnız bundan sonra boş vaxtınız varsa, başqa dünyaların işi barədə məsələlələrə keçə bilərsiniz...

Müəllif: Vüsal Əliyev