Məktəblilər maska taxmalıdırmı?

Cəmiyyət

07.09.2021 - 09:42

Həkimlər Klinikalar SEO Xidməti

İnfeksionist: “Məktəblilərin tibbi maskadan istifadəsi zəruri olsa da, buna nəzarət etmək mümkün olmayacaq”

Psixoloq: “Azyaşlılarda tibbi maskadan istifadəsi diqqət dağınıqlığına səbəb ola bilər”

Qırğızıstan Təhsil və Elm Nazirliyinin baş mütəxəssisi Gülşən Abdıldayeva məlumat verib ki, yeni dərs ilində məktəblərdə tibbi maska taxmaq istəyə bağlı bir məsələ olacaq. Onun sözlərinə görə, ilk növbədə gigiyena və sanitariya qaydalarına riayət etmək vacibdir: “Tibbi maska taxmaq məsləhət xarakterlidir. Zaman-zaman maskanı dəyişməsi üçün hər uşağı izləmək çox çətindir”.

Bizdə isə necə olacağı barədə məktəblərlə bağlı açıqlamadan sonra biləcəyik. Hələlik həkimlərin bu haqda nə düşündüyünü öyrənməyə çalışmışıq.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran infeksionist-hepatoloq Mərdan Əliyev söyləyib ki, tibbi maska taxılması məcburi olsa da, buna nəzarət mexanizmi hazırlanmalıdır: “Hazırda bizdə qapalı məkanlarda tibbi maska taxılması məcburidir. Bu məcburiyyət xəstəliyin yayılmasının qarşısını almaq üçündür. Buna görə  təhsil müəssisələrində də tibbi maska taxılması məcburi olmalıdır. Lakin məcburiyyətlə yanaşı buna nəzarət mexanizmi olmalıdır”.

Məktəblərin ənənəvi formada davam etməsi ilə bağlı qərara münasibət bildirən həkim qeyd edib ki, bu, məsuliyyətli bir qərar olacaq: “Şagirdləri tibbi maska taxmaq, sosial məsafə gözləməyə səsləmək olar, amma buna riayət edilməsi çətin olacaq. Yuxarı sinif şagirdləri ilə qaydalara əməl edilməsi mümkün olsa da, aşağı sinif şagirdləri ilə bu məsələdə çətinlik yaşanacaq. Çünki dərs saatlarında nəzarət mümkün olsa da, fasilə vaxtlarında buna nəzarət etmək alınmayacaq. Bu da yoluxma ehtimalının artmasına səbəb olacaq”.

“Ola bilsin, dərs növbələrini artırmaq, siniflərdə şagirdlərin sayını azaltmaqla müəyyən qədər nəzarət etmək mümkün olacaq. Lakin tam nəzarət mümkün olmayacaq. Nəzərə alaq ki, orta məktəb şagirdlərinin vaksinasiya prosesinə hələ başlanılmayıb. Buna görə də yoluxma riskinə qarşı tədbirli davranmaq lazımdır”, - deyə Əliyev əlavə edib.

Uşaq psixoloqu Leyla Fətəli AYNA-ya açıqlamasında bildirib ki, tibbi maskadan istifadə azyaşlılarda diqqət dağınıqlığına səbəb ola bilər: “Biz böyüklər də bəzən tibbi maskadan bezirik, özümüzü narahat hiss edirik. Uşaqlar üçün də bu keçərlidir. Buna görə azyaşlılarda dərs zamanı tibbi maskadan istifadə diqqət dağınıqlığına səbəb olacaq. Həmçinin hansısa uşaq özünü tibbi maskada narahat hiss edəcək, maskanı çıxaracaq, bu da dərsin gedişatına mane olacaq”.

Psixoloq azyaşlı məktəblilərin tibbi maska taxmasını təqdirəlayiq hesab etmir: “Mən hesab edirəm ki, məktəblər ənənəvi formada davam edirsə, normal dezinfeksiya işləri görülsün. Valideynlər, müəllimlər üzərlərinə düşəni yerinə yetirsinlər. Təmizlik işləri yaxşı görülsə, sadə qaydalara əməl edilsə, tibbi maska taxılmasına heç ehtiyac da olmayacaq. Bu, sadəcə uşaqların gərginləşməsinə səbəb olacaq. Çünki birinci sinifə gedən uşaq adaptasiya olmaq, sosiallaşmaq, tibbi maska ilə davranmaq kimi məsələlərlə məşğul olmaq məcburiyyətində qalmaqla çətinlik yaşayacaq”.

Fətəlinin fikrincə, uşaqlara əllərini tez-tez yumaq, spirtdən istifadə etmək vərdişləri aşılansa, müəyyən qədər xəstəlikdən sığortalanmaq olar: “Əgər bir sinifdə 15-20 şagird olacaqsa, yəqin ki, immuniteti zəif uşaqlar arasında xəstələnənləri də olacaq. Panikaya düşmək lazım deyil. Hər zaman qrip də olub, iy dadbilmənin itməsi də olub. Buna görə hər əlaməti də COVID-19-la əlaqələndirmək də düzgün deyil”.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş