Məğlubiyyətin etirafı, yoxsa “çirkli bomba” tələsi: Rusiya “öz torpağından” geri çəkilir

Aktual

11.11.2022 - 10:11

Keçmiş səfir: “Rusiya ordusu məğlubiyyətə, Ukrayna ordusu isə qalibiyyətə doğru sürətlə irəliləyir”

Siyasi şərhçi: “Rusiya Ukraynaya qarşı tələ qursa da, qurmasa da, heç nə onu xilas etməyəcək”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu qoşunların Xersondan çıxarılması barədə göstəriş verib. Müdafiə Nazirliyində keçirilən müşavirədə Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin müdafiə nazirinə bildirib ki, rus qoşunları Dnepr çayının sol sahili boyunca müdafiəyə alınmalıdır: “Ən məqsədəuyğun variant Dnepr çayının maneə xətti boyunca müdafiə təşkil etməkdir. Qoşunların manevri yaxın vaxtlarda həyata keçiriləcək, birləşmələr Dnepr çayının sol sahilində hazırlanmış müdafiə xətlərini tutacaq”.

Şoyqu Surovikinin bu təklifi ilə razılaşıb və qoşunların çıxarılmasına, şəxsi heyətin, silahların və texnikanın Dnepr çayı ilə təhlükəsiz keçməsini təmin etmək üçün bütün tədbirləri həyata keçirməyə göstəriş verib. Surovikin öz növbəsində qeyd edib ki, “qoşun manevri yaxın gələcəkdə həyata keçiriləcək, birləşmələr Dnepr çayının sol sahilində hazırlanmış müdafiə xətlərini tutacaq”.

Qeyd edək ki, Xerson mühüm liman və sənaye mərkəzi olmaqla yanaşı, digər strateji əhəmiyyətli şəhər olan Odessaya doğru irəliləmək imkanı verir. Xersona nəzarət etmək həm də böyük su mənbəyinə nəzarət etmək deməkdir. Rusiyanın belə bir qərar verməsi ciddi müzakirələrə səbəb olub. Bəziləri bu qərarı Moskva tərəfindən qurulmuş “tələ” kimi qiymətləndirsələr də, Rusiyanın geri çəkildiyini düşünənlərin sayı daha çoxdur.

Onu da xüsusi vurğulamaq lazımdır ki, bir müddət öncə Kreml keçirdiyi saxta “referendum” ilə Xersonun Rusiyaya birləşdiyini elan etmişdi.

Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı sabiq səfiri Azər Xudiyev mövzu ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, Rusiyanın Xersonla bağlı son qərarı müxtəlif aspektlərdən şərh edilir. Belə ki, ortada həm geri çəkilmə iddiası, həm də gizli plan təhlükəsi var.

“Bir müddət öncə Rusiya müdafiə naziri Ukraynanın “çirkli bomba”dan - radioaktiv material və adi partlayıcı maddələrdən ibarət cihazdan istifadə edə biləcəyini iddia etmişdi. Hətta bununla bağlı ABŞ, Böyük Britaniya və Fransanı da ittiham etmişdi. Lakin bu gün Rusiyanın özünün Xersonda “çirkli bomba”dan istifadə edə biləcəyinə dair ehtimallar mövcuddur. Son qərarın buna hazırlığın tərkib hissəsi olduğu da iddia olunur”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, bu mənada Rusiyanın Xersondan geri çəkilməsi barədə qərarın Ukrayna üçün qurulmuş tələ olduğu bildirilir: "Bu ehtimal istisna olunmur. Lakin digər ehtimal ondan ibarətdir ki, Rusiya artıq məğlub olacağının fərqinə varıb və bu səbəbdən geri çəkilir”.

Nazir müşaviri Rusiya daxilində ciddi böhran yaşandığını deyib: “Hətta rəsmi Moskva 20-25 min hərbçisinin mühasirəyə alındığını etiraf edib. Rus ordusu kifayət qədər ciddi problemlər yaşayır və sərt qış dövründə daha ciddi məğlubiyyətlərə uğrayacağı qaçılmaz görünür. Bu gün ruslar Ukrayna uğrunda döyüşlərə qatılmaq istəmirlər. Rusiya iqtisadi və siyasi böhran astanasındadır. Digər yandan Ukrayna ordusu əzmlə döyüşür və geri çəkilmək niyyətində deyil. Bütün bunların fonunda Rusiya məğlub olacağını dərk edir. Artıq bu ölkə dağılmağa doğru gedir, daxildə kütləvi etirazlar qarşısıalınmaz görünür”.

“Ukraynada isə əhali nikbindir, həyat öz axarında davam edir. Düzdür, ara-sıra elektrik verilməsində fasilələr yaranır, amma bu problem də tədricən aradan qalxır. Müharibənin davam etdiyi hazırkı şəraitdə əminliklə söyləmək olar ki, Rusiya ordusu məğlubiyyətə, Ukrayna ordusu isə qalibiyyətə doğru sürətlə irəliləyir”, - deyə Xudiyev vurğulayıb.

Politoloq Zərdüş Əlizadə də AYNA-ya şərhində əminliklə söyləyib ki, Rusiya ordusunun atacağı heç bir addım onu məğlubiyyətin pəncəsindən xilas etməyəcək: “Rusiya Ukraynaya qarşı tələ qursa da, qurmasa da, heç nə onu xilas etməyəcək. Müharibənin ilk günlərindən Qərbin əsas məqsədi Rusiyanı diz çökdürmək və Putin rejimini devirməkdir. Başlanğıc dövrlərdə bu, inandırıcı görünməsə də, hadisələr irəlilədikcə Rusiyanın məğlubiyyəti qaçılmaz görünür. Proses davam edir və görünən budur ki, artıq Putin administrasiyası geri çəkilmək haqqında düşünür. Çünki qarşıdan qış fəsli gəlir. Moskvanın isə resursları tükənmək üzrədir. Bu, həm iqtisadi, həm siyasi, həm də hərbi resurslara aiddir”.

“Rusiya hər gün Ukraynada xeyli sayda döyüşçü itirir, canlı qüvvə və hərbi texnikanı isə əvəzləyə bilmir. Qərb isə Ukraynaya dəstək göstərir, onu təhciz edir. Belə bir şəraitdə Rusiyanın bir yolu var ki, o da geri çəkilməkdir. Xersonla bağlı Şoyqunun son qərarını da bunun tərkib hissəsi sayıram”, - deyə analitik qeyd edib.

Əlizadə Qərb Rusiya ilə dialoq masasına oturmağa tələsmədiyinə də diqqət çəkib: “ABŞ, Böyük Britaniya və müttəfiqləri keçmiş səhvlərini təkrarlamaq istəmirlər. Onlar əmindirlər ki, danışıqlar masası arxasına keçsələr, Rusiya zaman qazanacaq. Bir müddət sonra isə yenidən işğalçılıq siyasətini davam etdirəcək. Buna görə də barışmaz diplomatik siyasət yürüdürlər. Ukraynaya dəstək, Rusiyaya qarşı embarqolar yolu ilə Kremli geri çəkilməyə təhrik etmək istəyirlər. Hesab edirəm ki, yaxın gələcəkdə buna nail olacaqlar. Rusiyanın artıq geriyə yolu qalmayıb”.

Müəllif: Azər Niftiyev