Rusiya Təhlükəsizlik Şurasının sədr müavini ölkədən gedənlər haqqında danışıb
“Qorxaq satqınlar və tamahkarlar uzaq diyarlara getdilər - yad ölkədə sümükləri çürüsün. Onlar aramızda deyillər, amma biz daha da gücləndik və təmizləndik”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Milli Birlik Günü münasibətilə özünün “Telegram” kanalında yazıb.
Medvedev Ukraynada “xüsusi əməliyyat” başlayandan sonra bəzi vətəndaşların ölkəni tərk etməsindən təəssüflənmədiyini bildirib.
D.Medvedev həmçinin qeyd edib ki, “bəzi qorxulu tərəfdaşların” Rusiyanı tərk etməsindən narahat olmaq lazım deyil: “Onlara əhəmiyyət verməyək. Deməli, onlar bizim dostlarımız deyildi, sadəcə təsadüfi yoldaşlar, yapışqan və asılqan idilər”.
Qeyd edək ki, Rusiya Ukraynada işğalçı müharibəyə başlayandan sonra milyonlarla rus ölkəni tərk edib. Xüsusən, qismən səfərbərlik elan edildikdən sonra ölkədən gedənlərin sayı sürətlə artıb.
Bununla yanaşı, Rusiyanı demək olar ki, bütün xarici investorlar tərk ediblər.