MAQATE: İranla “Nüvə sazişi” üzrə dialoqun canlanmasına ümid var

Dünya

11.12.2022 - 15:54

Həkimlər Klinikalar SEO Xidməti

Rafael Qrossi: “Biz oturmalıyıq, bir-birimizlə danışmalıyıq”

İranın nüvə proqramı üzrə Birgə Fəaliyyət Planının (“nüvə sazişi”) bərpası üzrə dialoqun canlanmasına ümid var. AYNA xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi “Əl-Cəzirə” telekanalına deyib.

İyunun 29-30-da Dohada İranın nüvə proqramı üzrə razılaşmanın bərpası üzrə danışıqların sonuncu raundu keçirilib. İştirakçı ölkələrin nümayəndələri paytaxtlarına qayıtdıqdan sonra bu mövzuda dialoq dayandırılıb.

“Biz oturmalıyıq, bir-birimizlə danışmalıyıq. İranda bəzi yoxlama fəaliyyətlərimiz var. Məsələ onda deyil ki, MAQATE ümumiyyətlə yoxdur, amma bizim malik olduğumuz potensialda davamlı şəkildə azalma var. “Nüvə sazişi” üzrə dialoq və ya ondan qalanlar praktiki baxımdan əhəmiyyətsizləşib. Onu canlandırmaq lazım gələcək və məncə, bunun həyata keçirilə biləcəyinə dair hələ də ümid işığı var. Bu, danışıqlar aparanların əlindədir”, - Qrossi bildirib.

Qeyd edək ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran “Nüvə sazişi” - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıblar. 2018-ci ilin may ayında Donald Trampın rəhbərliyi altında ABŞ “Nüvə sazişi”ndən çıxdı və Tehrana qarşı sanksiyaları bərpa etdi. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, razılıq üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan etdi.

Vyanada razılaşmanın yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üçün danışıqlar aparılıb. 2021-ci ilin dekabrında tərəflər Avropa tərəfinin İranın mövqelərinin yer aldığı iki saziş layihəsi üzrə razılığa gəliblər. İranın sözçüsü Baqeri Kyani danışıqların yaxşı getdiyini deyib, lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vyanada irəliləyişi qeyri-məqbul qiymətləndirərək, Tehranı məsələyə ciddi yanaşmağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş