MAQATE-dən İrana çağırış: “Nüvə proqramı diplomatik yolla həll edilməlidir”

Dünya

13.11.2024 - 10:40

Həkimlər Klinikalar SEO Xidməti

“İran hakimiyyəti başa düşməlidir ki, beynəlxalq vəziyyət getdikcə gərginləşir, manevr məkanı daralmağa başlayır”

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Tehrana səfəri ərəfəsində İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti diplomatik yolla həll etmək yollarının tapılmasının vacibliyini bəyan edib. Bu barədə AYNA xarici mediaya istinadən xəbər verir.

“İran hakimiyyəti başa düşməlidir ki, beynəlxalq vəziyyət getdikcə gərginləşir, manevr məkanı daralmağa başlayır. Diplomatik həll yollarını tapmaq lazımdır”, - Qrossi “France-Presse” agentliyinə deyib.

O, İranın nüvə proqramı üzrə 2015-ci ildə imzalanmış və sonradan ABŞ-ın çıxdığı Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) “boş qabıq” olduğunu etiraf edib.

Donald Trampın ABŞ Prezidenti seçilməsinə münasibət bildirən Qrossi bildirib ki, Vaşinqton nüvə anlaşmasından məhz Trampın dövründə çıxsa da, Ağ Evdəki ilk müddətində respublikaçılar komandası ilə yaxşı işləməyi bacarıb.

“MAQATE İranda işləyir, yoxlamalar aparır. Amma mən həmişə demişəm ki, bizə daha çox şəffaflıq lazımdır. Daha çox görməyi bacarmalıyıq. İranın proqramının genişliyini, dərinliyini və ambisiyasını nəzərə alaraq, biz agentliyə daha çox müşahidə imkanları vermək yollarını tapmalıyıq”, - MAQATE rəhbəri bildirib.

Müəllif: Ayna.az