Telefon danışığı zamanı Ukrayna və Liviya kimi regional problemlər ətrafında da fikir mübadiləsi aparılıb
Fransa Prezidenti Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə Kremlin Mətbuat Xidməti açıqlama yayıb.
Məlumatda bildirilir ki, dövlət başçıları telefon söhbəti zamanı Qarabağ məsələsindən də danışıblar. Putin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi barədə Makronu məlumatlandırıb.
“Prezident Putin bölgədə normal iqtisadi fəaliyyətin canlanması və nəqliyyat əlaqələrinin bərpası üçün ilkin şərtlərin yaradıldığını bildirib. Rusiya Prezidenti hərbi əməliyyatlardan təsirlənən bölgə əhalisinin humanitar problemlərinin həllində avropalı tərəfdaşların və xüsusilə Fransanın daha yaxından iştirakının zəruriliyinə diqqət çəkib”, - deyə məlumatda qeyd edilib.
Söhbət zamanı Qarabağ nizamlanmasının müxtəlif aspektlərinin ATƏT-in Minsk Qrupu xəttilə koordinasiyasına qarşılıqlı hazırlıq ifadə olunub.
Bununla yanaşı, telefon danışığı zamanı Ukrayna və Liviya kimi regional problemlər ətrafında da fikir mübadiləsi aparılıb.
Həmçinin, prezidentlərin beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da müzakirələr apardığı bildirilib.