Maaşı gizləmək dövrü bitdi

İqtisadiyyat

06.11.2023 - 10:15

Konstitusiya Məhkəməsinin qərarı nələrə yol açacaq?

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi məcburi əmək müqaviləsi ilə bağlı qərar qəbul edib. Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və müvafiq qərar qəbul edilib.

Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir.

Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.

Bu isə o deməkdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarı əsasında məcburi əmək müqaviləsi ilə bağlı qərar qüvvəyə minib. Yəni, artıq hər iki tərəf istəsə belə, əmək müqaviləsinin imzalanması halından yayına bilməz.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov mövzunu AYNA-ya şərh edərkən deyib ki, son illər Azərbaycanın əmək bazarında qeyri-formal məşğulluğun sayı əhəmiyyətli dərəcədə azalıb: “Əvvəlki dövrlərdə işəgötürənlər çalışırdılar ki, qeyri-formal qayadada işçi götürsünlər. Bir çox hallarda onlarla əmək müqaviləsi ümumiyyətlə bağlanılmırdı. Bəzi hallarda isə minimal əmək haqqı şərtləri ilə müqavilə bağlayırdılar. Məvacibin bir hissəsini rəsmi qaydada, bir hissəsini isə əlbəəl şəkildə işçilərə təqdim edirdilər”.

“Artıq əmək müqaviləsi əsasında çalışan işçilərin sayı xeyli artıb. Məvaciblərin az göstərilməsi ənənəsi isə davam edir. Lakin onların da sayında azalma var. Artıq işçilər də öz hüquqlarını başa düşürlər. Anlayırlar ki, müqaviləsiz şəkildə işləmək onların hüquqlarını pozur. Həm onları gələcəkdə təzimat iddiası qaldırmaq imkanından məhrum edir, həm də işlədikləri müddət pensiya hesablarına aid edilməyəcək. Bu məsələdə heç bir istisna və güzəştdən söhbət gedə bilməz”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert əmindir ki, Konstitusiya Məhkəməsinin məcburi qaydada əmək müqaviləsi ilə bağlı qərarı müsbət addımdır: “Yəni, bundan sonra heç bir istisnadan söhbət gedə bilməz. Əslində elə getməməlidir də. Elektron informasiya sistemində qeydiyyatda olan 2 milyondan artıq müqavilə var. Hansı ki, Dövlət Statistika Komitəsi tərəfindən işləyənlərin sayı 5 milyon civarında göstərilir. Statistika orqanlarında “işləyənlər” anlayışı bir az fərqlidir. Pay torpağı, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olanların hamısı avtomatik məşğul sayılır. Əmək qabiliyyətli ailə üzvləri hamısı məşğul sayılır”.

“Ona görə də bu rəqəmlər realığı əks etdirməyə bilər. Aktiv məşğul əhalinin sayı 2 milyondan artıqdır. Etiraf etmək lazımdır ki, son dövrlər həm vergi orqanlarının, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzarəti sayəsində belə halların sayı əhəmiyyətli şəkildə azalıb. Düşünürəm ki, Konstitusiya Məhkəməsi Plenumunun son qərarından sonra bu sahədə olan müsbət dinamika daha da artacaq”, - deyə Məmmədov söyləyib.

İqtisadçı ekspert Natiq Cəfərli də AYNA-ya şərhində sözügedən qərarı müsbət qiymətləndirib: “Cəmiyyət koronavirus pandemiyası zamanı əmək müqaviləsi olmadan işləməyin fəsadlarını gördü. Dövlət koronavirus pandemiyası zamanı işləyən əhaliyə kompensasiya ödədiyi zaman əmək müqaviləsi olmadan çalışanları nəzərə almadı. Nəzərə almaq lazımdır ki, məşğulluq imkanı olan hər kəs işəgötürəndən əmək müqaviləsini imzalamağı tələb etməlidir. Düzdür, bəzi hallarda işəgötürənlər buna riayət etmirlər. İşçilər də düşünürlər ki, bu tələbi irəli sürsələr, onları işə qəbul edilməyəcəklər. Lakin anlamaq lazımdır ki, qeyri-formal məşğulluq işçiləri bütün hüquqlardan məhrum edir”.

“Eləcə də müqavilədə nəzərdə tutulan məvacib onların gələcəkdə aldıqları pensiyaya birbaşa təsir edəcək. Bu baxımdan əmək müqaviləsinin imzalanması mühüm əhəmiyyət kəsb edir və həm işəgötürənlər, həm də işçilər bu məsələdə maksimum diqqətli olmalıdırlar”, - deyə müsahibimiz bildirib.

Cəfərli əlavə edib ki, Konstitusiya Məhkəməsinin qərarı müsbət nəticələrə zəmin yarada bilər: “Burada heç bir istisnadan söhbət gedə bilməz. Əgər işəgötürən işçi işlədirsə, mütləqdir ki, onunla əmək müqaviləsi bağlasın. Qeyri-formal məşğulluq, məvacibin düzgün göstərilməməsi, “qara müsahibatlıq” və s. hallar yolverilməzdir. Artıq bu şəkildə işləmək dövrü arxada qalıb və özünə hörmət edən heç bir sahibkar buna getməməlidir”.

Müəllif: Azər Niftiyev