Bakıda beynəlxalq gömrük konfransı keçirilir

İqtisadiyyat

27.01.2020 - 15:21

ÜGT-nin Avropa Regionu Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndiricilərinin 3-cü iclası başlayıb

 

Yanvarın 27-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ÜGT-nin Avropa Regionu Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndiricilərinin 3-cü iclası başlayıb. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, tədbirdə ÜGT-nin əməkdaşları ilə yanaşı, qurumun Avropa Regionu üzrə üzv dövlətlərinin 20-yə qədər nümayəndəsi iştirak edib.

 

İclasın açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığının müavini Taeil Kang, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Əsər Çəngəl iştirak ediblər.

 

Öncə Əsər Çəngəl çıxış edərək qonaqları salamlayıb və region ölkələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından iclasın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

 

DGK sədrinin müavini İqbal Babayev region ölkələri arasında məlumat mübadiləsinin aparılması, səmərəli əməkdaşlığın qurulması, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində iclasın mühüm rol oynayacağını bildirib.

 

Ölkəmizin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını, müxtəlif mədəniyyətlərin nümunələrini özündə birləşdirdiyini, beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşdiyini diqqətə çatdıran Komitə sədrinin müavini, bu baxımdan, Azərbaycanın beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və digər irimiqyaslı layihələri nümunə göstərən İqbal Babayev ölkəmizin gömrük orqanlarının da beynəlxalq tranzitin inkişafına, ticarətin asanlaşdırılmasına öz töhfəsini verdiyini bildirib.

 

Ötən il Azərbaycanın ÜGT-nin Avropa Regionuna rəhbər seçildiyini xatırladan İqbal Babayev, bunu Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən innovativ islahatların uğurla reallaşdırılmasının nəticəsi kimi qiymətləndirib.

 

Gömrük sistemində aparılan islahatlar nəticəsində qısa zaman kəsiyində şəffaflığın təmin olunduğunu, korrupsiya hallarının aradan qaldırıldığını diqqətə çatdıran Komitə sədrinin müavini qeyd edib ki, ötən il ölkəmizə səfər edən ÜGT-nin Baş Katibi Kunio Mikuriya Azərbaycan gömrük xidmətinin bu sahədəki fəaliyyətinin nümunə olduğunu bildirib və əldə edilən uğurlu təcrübənin digər ölkələrlə paylaşılmasını tövsiyə edib.

 

O da vurğulanıb ki, Azərbaycan gömrük xidmətinin inkişafı və gömrük infrastrukturunun yenidən qurulması istiqamətində dövlət tərəfindən mühüm addımlar atılır. Nəticədə, ötən il fiskal sahədə, qaçaqmalçılığa qarşı mübarizə, gömrük prosedurlarının sadələşdirilməsi, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.

 

ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığının sədr müavini Taeil Kang çıxış edərək iclasın yüksək səviyyədə təşkil edilməsinə görə Dövlət Gömrük Komitəsinə və ÜGT-nin Avropa Regional Ofisinə minnətdarlığını bildirib. Taeil Kang vurğuayıb ki, məlumat mübadiləsinin gücləndirilməsi, bilik və bacarıqların paylaşılması, qabaqcıl təcrübələrin öyrənilməsi baxımından iclas xüsusi önəm daşıyır və tədbir iştirakçı dövlətlər arasında səmərəli əməkdaşlığın qurulması üçün mühüm imkanlar yaradır.

 

Qeyd edək ki, 3 gün davam edəcək iclas çərçivəsində 2019-2022-ci illər üzrə ÜGT-nin strateji planı, ÜGT-nin Avropa Regional Ofisinin strategiyası və təşəbbüsləri, Azərbaycan gömrüyünün "Yenilənmə" mövzusunda təqdimatları nümayiş olunacaq.

 

Eyni zamanda, iclasda müxtəlif ölkələrin nümayəndələri potensialın gücləndirilməsi istiqamətindəki təcrübələr mövzusunda təqdimatlarla çıxış edəcəklər.

Müəllif: Ayna.az