Lukaşenkodan anlaşılmaz qərar: nəinki dünya, ölkə əhalisi də çaşqınlıq içindədir

Dünya

07.08.2021 - 22:30

Denis Niftiyev: “Lukaşenkonun son qərarı Belarusda da təəccüblə qarşılanıb”

 

Səbuhi Bayramov: “Bu daha çox siyasi bəyanata oxşayır, nəinki...”

 

Şahin Cəfərli: “Rusiya Lukaşenkonu devirib yerinə öz adamını gətirə bilər”

 

Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət sərhədlərinin bağlanması barədə tapşırıqlar verib. O, bu qərarını ölkənin təhlükəsizliyi üçün verdiyini deyib. Lukaşenko hərbçilərə dövlət sərhədinin mühafizəsini artırmağı və onun pozulması hallarının qarşısını almağı da tapşırıb: “Sərhədlərin hər metrini bağlayın”.

 

Onun bu qərarı təəccüblə qarşılanıb və dünyanın aparıcı media quruluşları “Sərhədləri bağlamaqla avtoritarizmi davam etdirmək mümkün deyil” başlıqlı yazılar dərc edib.

 

AYNA mövcud vəziyyəti öyrənmək üçün Belarusda yaşayan soydaşlarımızla söhbətləşib.

Atası azərbaycanlı, anası belarus olan Denis Niftiyevin sözlərinə görə, sözügedən qərar Belarusda da təəccüblə qarşılanıb: “Açığını desəm, hazırda Belarusda hər şey qaydasındadır. Heç bir problem yoxdur. Yəni, sərhədlərin bağlanması qərarının icra vəziyyəti barədə də məlumatsızam. Nəinki mən, bütün əhali bu barədə məlumatsızdır. Görünür, bu, siyasi bəyanatdır. Çünki ölkənin gündəlik həyatında hansısa dəyişikliklər müşahidə olunmur. Hər kəs öz işində-gücündədir. Ümumi vəziyyət də stabildir. Düzdür, maliyyə sanksiyaları Belarusun iqtisadi vəziyyətini çətinləşdirib. Bunu hər bir Belarus vətəndaşı öz gündəlik həyatında hiss edir. Sanki dünyadan təcrid olunmuşuq. Amma son günlər hansısa dəyişiklik yoxdur”.

 

Soydaşımız deyib ki, Belarusda Lukaşenkoya qarşı ciddi etirazlar var: “Son prezident seçkiləri öncəsi və seçkilərdən sonra Belarusda izdihamlı aksiyalar keçirildi. Əhali kütləvi şəkildə Lukaşenko rejiminə etiraz edirdi. Yüzminlərlə insan küçələrə çıxdı, Lukaşenko faktiki olaraq istefa verməyin bir addımlığında idi. Müəyyən səbəblərdən, əsasən də Rusiyanın dəstəyilə bu vəziyyətdən çıxdı”.

 

“Aksiyaları, kütləvi narazılıqları dayandıra bilsə də, bu gün də ona qarşı böyük etirazlar var. Nəzərə alanda ki, Belarusda indiyə qədər belə aksiyalar keçirilmirdi, artıq əhalidə mübarizə əzmi və inam yaranıb. Lukaşenko bilir ki, hər an yenidən aksiyalar başlaya bilər, bu səbəbdən özünü sığortalamağa çalışır”, - deyə Niftiyev bildirib.

Minskdə yaşayan daha bir soydaşımız Səbuhi Bayramov də eyni fikirdədir: “Hazırda Belrusda tam sakitlikdir. Əvvəllər hər kəs başını aşağı salıb öz işi ilə məşğul olurdu. Heç kim siyasətə qarışmırdı. Lukaşenko iqtidarı vətəndaşların sosial problemlərinə diqqət göstərirdi. Bunu etiraf etmək lazımdır. Lakin siyasi azadlıqlar tam mənada yoxdur. Heç olmayıb da. Son mitinqlərdə əhali əsasən buna etiraz edirdi. Belarus Avropa ölkəsidir. Burada hər kəs istəyir ki, özünü avropalı kimi hiss etsin. Heç kim bu vəziyyətlə barışmaq istəmir. Buna görə etirazların yenidən başlayacağı ehtimalları var. Xüsusən ABŞ-ın Belarus müxalifətinə dəstəyi insanlarda ruh yüksəkliyi yaradır”.

 

Həmyerlimizin bildirdiyinə görə, ölkədə sərhədlərin bağlanması ajiotajı yoxdur: “Onsuz da bir çox dövlətlər Belarusla “siyasi sərhədləri” bağlayıb. Maliyyə sanksiyaları iqtisadiyyatı çökdürüb. Artıq əvvəlki alıcılıq qabiliyyəti də yoxdur. Belarus tam mənada Rusiyanın ümidinə yaşayır. Bir də ki, insanlar artıq mübarizə əzmindədirlər. Çətin ki, Lukaşenko uzun müddət hakimiyyətdə qala bilsin. Sadəcə bunlarda psixologiya belədir ki, əhali yalnız istirahət günləri digər məşğuliyyətlərə vaxt ayırır. Həftəiçi günlər heç bir halda mitinqə çıxmırlar. Tam səmimi desəm, Lukaşenkonun hakimiyyətdə qalmasının da əsas səbəbi məhz bu oldu”.

Картинки по запросу

Vəziyyəti AYNA-ya şərh edən politoloq Şahin Cəfərlinin fikrincə, Lukaşenkonun bu tip açıqlamaları daha çox təbliğat xarakterlidir: “Hesab edirəm ki, Lukaşenkonun fikirləri bəlli məqsədlərə xidmət edir. Bilirsiniz ki, Rusiya ilə Belarus arasında ittifaq dövlətinin yaradılması istiqamətində razılaşma mövcuddur. Lakin uzun illərdir bu razılaşma olsa da, reallığa çevrilmir. Bu isə öz növbəsində Kremlin maraqların cavab vermir”.

 

“Rəsmi Moskva çalışır ki, bu proses uzansın və Lukaşenkoya təzyiq imkanlarını saxlasın. Çünki belə olarsa, Lukaşenko ilə Qərbin arasında bütün körpülər yanacaq. İndiki halda baxmayaraq ki, Qərb ona ciddi təzyiqlər edir, Belarus Prezidenti Qərblə balansı saxlamağa çalışır. Əks halda Rusiya ilə ittifaqa getməkdən, rəhbəri olduğu ölkənin müstəqilliyini itirməkdən savayı yolu qalmayacaq. Rusiya o zamana qədər gözləyəcək ki, Belarus iqtisadi baxımdan tam mənada çöksün və istədiklərini etməkdən başqa yolu qalmasın”.

 

Qərbin Belarusda yenidən inqilab edəcəyi ehtimallarını qiymətləndirən analtik hesab edir ki, bu ehtimal çox aşağıdır: “Ötən il keçirilən kütləvi aksiyalara rəhbərlik edən siyasətçilərin çoxu ölkədən gedib. Belarusda qalanların da əksəriyyəti həbsdədir. Repressiya maşını tam gücü ilə işləyir. Bütün siyasi azadlıqlar boğulub. Belə olduqda orada əhalinin yenidən qiyama qalxacağı ehtimalları azdır. Lukaşenkonun son açıqlaması həm də buna xidmət edir. O, təhlükə saydığı bütün “qapıları bağlayır”. Amma istisna da etmək olmaz. Mümkündür ki, Belarusda əhali yenidən ayağa qalxsın”.

 

Cəfərli Qərbdən çox Rusiyanın Belarusda hakimiyyəti dəyişmək ehtimalının daha böyük olduğunu düşünür: “Çünki Rusiya nəyin bahasına olursa-olsun, Belarusu öz tərkibinə qatmaq, ittifaq dövləti olaraq birləşdirmək istəyir. Gələcəkdə digər dövlətləri də buna cəlb etmək üçün Belarus presedent ola bilər. Yəqin ki, Rusiyanın özü Lukaşenkonu yola salıb, yerinə öz adamını gətirəcək. Amma bunu inqilabsız və kütləvi aksiyalar olmadan həyata keçirməyə çalışacaq. Ona görə ki, xalq inqilabları əksər hallarda Rusiyanın maraqlarına cavab vermir və ziyanına işləyir. Aleksandr Lukaşenkonun siyasi perspektivlərini yüksək qiymətləndirmirəm. Ona təhlükəsizlik təminatı veriləndən sonra özünün də bununla razılaşacağı istisna edilmir”.

Müəllif: Azər Niftiyev