Belarusda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib
Cari ilin 24 fevral tarixində Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Səfirlikdən AYNA-ya verilən məlumata görə, tədbirdə “Belarus Azərbaycan İcmaları Konqresi”nin və “Qobustan” cəmiyyətinin üzvləri, Minskdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları öncə səfirliyin foyesində Xocalı soyqırımını əks etdirən foto-sərgi və Xocalı hadisələrinə dair nəşr olunmuş ədəbiyyatla tanış olublar. Anım mərasimi Xocalı soyqırımı zamanı həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfiri Lətif Qəndilov çıxış edərək, ermənilərin əsrlər boyu Azərbaycana qarşı apardığı işğalçı, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirtdikləri vəhşiliklər barədə geniş məlumat verib. O, 1992-ci ildə ermənilər tərəfindən törədilən Xocalı soyqırımının miqyasına və amansızlığına görə əsrin ən dəhşətli soyqırımlarından biri olduğunu söyləyib.
Səfir bildirib ki, Azərbaycanda o zaman olan özbaşınalıq, xaos və idarəetmə sisteminin olmaması faciənin nəticələrini daha da ağırlaşdırıb, məsələyə vaxtında siyasi qiymət verilməyib: “Yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra, ölkədə dövlət, ordu və nizam-intizam yaradılıb, parlament bu faciəyə siyasi qiymət verib və 26 fevral tarixi Xocalı soyqırımı günü kimi elan edilib. Ulu Öndərimiz bu məsələ ilə bağlı xarici siyasətin istiqamətini müəyyənləşdirib və Prezidentimiz cənab İlham Əliyev tərəfindən həmin siyasətin gerçəkləşdirilməsi sayəsində dünyanın 5 dövləti, 10 ölkənin parlamenti, 2 beynəlxalq təşkilat və ABŞ-ın 24 ştatı Xocalı faciəsini soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi qəbul edib”.
L.Qəndilovun sözlərinə əsasən, görülən işlər nəticəsində erməni təbliğatı tam alt-üst edilib, Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğu və Azərbaycana qarşı ağır cinayət törədildiyi beynəlxalq ictimaiyyətə çatdırılıb: “Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığına dair imzalanmış sənəd, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezidentimizin tarixi çıxışı buna əyani sübutdur. Artıq dünyada Dağlıq Qarabağın işğal edildiyinə və Xocalıda soyqırımı törədildiyinə heç kimdə şübhə yeri qalmayıb. Bütün bunlar yaxın gələcəkdə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əminlik yaradır. Ordu quruculuğu sahəsində ölkə başçısı tərəfindən görülən işlər isə hərbi əməliyyatlara başlanıldığı təqdirdə torpaqlarımızın qısa zamanda azad olunmasına zəmanət verir. Belə şəraitdə bizim başlıca məsələmiz başlanılmış islahatların davam etdirilməsinə dəstək üçün sabitliyin qorunması və dövlətin başçısı ətrafında sıx birləşməkdir”.
Sonra Azərbaycan Respublikasının Belarusdakı Hərbi Attaşesi E.Rəhimov çıxış edərək, hazırda Azərbaycanın mütəşəkkil, qüdrətli, hər bir an torpaqlarımızı düşməndən azad etməyə hazır ordusunun olduğunu və 2016-cı il aprel döyüşlərinin bunu əyani sübut etdiyini iştirakçıların diqqətinə çatdırıb.
Azərbaycan Ombudsmanının Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxüslislam Allahşükür Paşazadənin Xocalı soyqırımı ilə bağlı bəyanatı press-reliz şəklində və səfirlik tərəfindən hazırlanmış press-reliz Belarus Xarici İşlər Nazirliyinə, Belarusda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlara, mətbuat orqanlarına paylanılıb.