“Mübarizəni davam etdirmək üçün özümə gəlməliyəm, sağlamlığımı yaxşılaşdırmalı, yemək yeməliyəm”
İrəvanın Zvartnots hava limanında 41 gün aclıq aksiyası keçirən erməni əsilli fransız jurnalist Leo Nikolyan Fransaya qayıdıb. AYNA erməni mediasına istinadən bildirir ki, jurnalist sosial şəbəkədə canlı yayımda bu barədə deyib.
“Mübarizəni davam etdirmək üçün özümə gəlməliyəm, sağlamlığımı yaxşılaşdırmalı, yemək yeməliyəm”, jurnalist vurğulayıb.
Nikolyan bildirib ki, 19 kiloqram arıqlayıb, lakin bu, onu narahat etmir: “Zahirən qocalmışam, amma ruhən cavanlaşmışam”.
Jurnalist mübarizəni davam etdirəcəyini də bildirib. O, çərşənbə axşamı Fransa Milli Assambleyasına getmək və Ermənistanda baş verənlərlə bağlı danışmaq niyyətindədir.
Qeyd edək ki, erməni əsilli fransalı hərbi jurnalist Leo Nikolyan İrəvanın Zvartnots hava limanında lentə aldığı videomüraciətində Ermənistana buraxılmadığını söyləyib. Pasport nəzarətindən keçən zaman jurnalistə Ermənistana girişinin qadağan edildiyi bildirilib. Buna etiraz olaraq o, hava limanında qalıb və aclıq aksiyasına başlayıb.