Ayrılan pulla 3 mindən çox iriçaplı 155 millimetrlik mərmi alınması planlaşdırılır
Latviya hökuməti qapalı iclasda Ukrayna üçün artilleriya sursatlarının alınması üçün 10 milyon avro ayrılması barədə qərar qəbul edib.
AYNA “Delfi” portalına istinadən xəbər verir ki, bu barədə görüşdən sonra jurnalistlərə Baş nazir Evika Silina və müdafiə naziri Andris Spruds deyib.
Spruds bildirib ki, Latviyanın ayırdığı pulla 3 mindən çox iriçaplı 155 mm-lik mərmi alınması planlaşdırılır.
Latviya və Böyük Britaniyanın rəhbərlik etdiyi dron koalisiyasının fəaliyyətindən danışan Spruds xatırladıb ki, Latviya bu yaxınlarda Ukraynaya təxminən 100 pilotsuz təyyarə göndərib. İyun ayında müxtəlif gücə malik təxminən 1000 döyüş pilotsuz təyyarəsinin ikinci partiyasının göndərilməsi planlaşdırılır.
İndi koalisiyaya daxil olan ölkələr pilotsuz təyyarələrin alınması üçün yarım milyard avrodan çox maliyyə ayırdıqlarını bəyan ediblər.