Saleh Məmmədov: "Alternativ yoldan həm ermənilər, həm də azərbaycanlılar istifadə edəcək"
Laçın şəhərindən yan keçən avtomobil yolu bu ilin yay aylarında istifadəyə veriləcək. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında bildirib.
S.Məmmədov qeyd edib ki, tarixən Ermənistandan Azərbaycanın rayonlarına gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçib: "Hazırda da Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsinin olması üçün həmin yoldan istifadə olunur. Həmin yol Azərbaycanın tarixi yoludur".
Onun sözlərinə görə, Azərbaycan əhalisinin birbaşa hərəkətini təmin etmək üçün Laçın şəhərindən yan keçən avtomobil yolu çəkilir: "Hazırda ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan isə həm ermənilər, həm də azərbaycanlılar istifadə edəcək. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Sözügedən alternativ yolun uzunluğu 28 km olacaq, yolun 17 km-i artıq çəkilib. Yol bu ilin iyul ayına qədər istifadəyə veriləcək".