Kültəpə kəndinin qəribə əhvalatları

Mədəniyyət

22.07.2023 - 11:50

Həkimlər Klinikalar SEO Xidməti

“Qurbanqulunun “Fələyin tonu” (Felyeton) çarəsizliyi”

Bir gün qonşu kənddən toydan qayıdan Bibixanım deyin-deyinə evə gəlir:

–Ay Qurbanqulu, belə olmaz axı. Borc-xərc içində itib batırıq, sən də eləcə evdə oturub qalmısan. Nə qədər işsiz gəzəcəksən, a kişi?!

Bibixanımın bu sözlərini hər gün eşidən Qurbanqulu deyir:

–Yenə başladın da!

Bu söhbətdən sonra Qurbanqulu əlinə kiçik boğçasını alıb düşür kəndin canına, iş soraqlamağa. Bir xeyli gəzəndən sonra bir uşağın əlində “Elan” yazısı olan kağız parçası görür. Uşağı yanına çağırıb soruşur:

–A bala, iş elanıdır?

–Bəli. Qonşu kənddə yazmağı bacaran adam axtarırlar, əmi. Ünvanı kağızda var.

O, sevinəcək şəkildə kağız parçasını uşaqdan götürür. Oxumaqla arası olmayan Qurbanqulu hıqqına-hıqqına cümləni bitirdikdən sonra düşünür:

“Yazıdır da, nə var yazaram. Odur, elə bizim kənddə Cəlil də nə vaxt görsəm, yazı yazır. Yəqin çox rahatdır ki, əl çəkmir bu işdən. Düzü, gəlirindən bixəbərəm. Əşi, işsiz qalmaqdan yaxşıdır!

Elə bu fikirlərlə gəlib həmin ünvana çatır. Böyük bir dəhlizdə əlində eyni elanı tutan adamların olduğunu görür. Sıradakılardan biri dillənir:

– Yazılara Üzeyir bəy özü baxacaq deyiblər. Baxın, gəlir!

İlk sırada dayanmış gənc xanım qəribə əda ilə deyir:

–Üzeyir bəy, mən Verciyevlər ailəsindənəm. Uje beş ildir ki, yazıram

Üzeyir bəy :

–Yazdıqlarından birinin adını çəkə bilərsənmi, qızım?

Qız yenə eyni tərzdə cavab verir:

– Qonşu kəndin tamadası evinə civan alıb

Üzeyir bəy təəccüblə soruşur:

–Necə?!

–Civan da. Oturmaq üçün olan

–Başa düşdüm, qızım. Tapşırıqlar olan kağızı götürərsən.

Üzeyir bəy dilucu deyir:

–Xətainin söz divanı da belə dağıldı…

Gənc qız kimi “bacarıqlı” bir neçə nəfər də tapşırıq kağızını götürəndən sonra növbə Qurbanquluya çatır. Üzeyir bəy deyir:

–Siz sonuncusunuz. Əgər istəyirsinizsə, elə tapşırıqları götürün. Ancaq gələn dəfə yazılarınızı da oxuyarsınız.

Qurbanqulu çaşqın halda deyir:

– Yazaram, amma oxumağa əziyyət çəkirəm. Çətin gəlir.

Üzeyir bəy yenə astaca deyir:

– Bərəkallah!

Kəndə geri qayıdan Qurbanqulu Bibixanıma yol boyu kağızdan oxuyub anlamadığı bir tapşırığın olduğunu söyləyir:

–Bunu başa düşürsən, ay arvad?

–Ay kişi, əlbəttə, “fələyin tonu”dur da. “Felyeton” sözü eşitməmişəm mən. Olmaz elə söz. Səhv yazıblar.

Qurbanqulu birdən dillənir:

–Tapdım! Mənasını da Cəlil bəy deyər. Gedim öyrənim.

O, Cəlil bəyin evinə gedib qapını döyür. O biri qonşu deyir:

–Cəlil bəy qonşu kənddədir. Üzeyir adlı bir bəy onu qonaq çağırıb.

Bunu eşidən Qurbanqulu bütün kəndin altını-üstünə çevirir, “fələyin tonu” adlı bu naməlum tapşırığın axtarışına çıxır. Onun bu axtarışı nəticəsiz qalır. Qonşu kəndə qayıdan çarəsiz Qurbanqulu bəylərin eyvanda oturduğunu görüb deyir:

–Cəlil bəy, vallah yazacaqdım, amma bu “fələyin tonu”ndan baş açmadım da!

Üzeyir bəy dostuna deyir:

–Görürsən, ay Cəlil. Biri danışmağı, biri oxumağı bacarmır. Amma yazmaq istəyirlər.

Cəlil bəy cavab verir:

–Görürəm, hələ bundan da betəri var. Düşünməyi bacarmırlar...

Üzeyir bəy dərindən ah çəkərək:

“Ey fələk zülmün əyandır

Bu necə dövrü-zamandır

Ki işim ahu fəğandır”.

Günel Natiqqızı,

AYNA üçün

Müəllif: Ayna.az