Kravçuk: “SSRİ-nin konfederasiyaya çevrilməsi təklifi vardı, amma Qorbaçov...”

Tarix

09.03.2021 - 08:23

“Yeltsinlə birlikdə Qorbaçovun yanına getdik, o, təkliflərimizi rədd etdi”

 

Ukraynanın ilk Prezidenti, Üçtərəfli Təmas Qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk ölkəni SSRİ-nin tərkibində saxlama imkanlarından danışıb. AYNA-nın xəbərinə görə, siyasətçi “Ukrayna 24” kanalının efirində deyib ki, 1991-ci ildə “Belovejskix sazişləri” imzalanmazdan əvvəl bu, mümkün ola bilərdi.

 

Kravçuk qeyd edib ki, SSRİ-nin tərkibində olan respublikaların rəhbərləri Sovet İttifaqının qorunub-saxlanılmasının və bir konfederasiyaya çevrilməsinin mümkünlüyünü nəzərdən keçiriblər.

 

“Bu cür müzakirələr “Novo-Oqarevo iqamətgahında baş tutdu. Rusiyanın ilk Prezidenti Boris Yeltsin bir çox respublikanın rəhbəri ilə məsləhətləşdi, birlikdə oturub bu mövzunu müzakirə etdik. Yeltsin mənə dedi ki, “Leonid Makaroviç, federasiya əvəzinə bir konfederasiya təklif etsək necə olar?”.  Bundan sonra Yeltsinlə birlikdə SSRİ-nin Prezidenti Mixail Qorbaçovun yanına getdik. O, təkliflərimizi rədd etdi”, - Kravçuk vurğulayıb.

 

Siyasətçinin sözlərinə görə, aydın olub ki, Qorbaçov heç nəyi kökündən dəyişdirmək fikrində deyil: “Qorbaçov sistemi qorumaq mümkünsüz olduğu halda, onu qorumağa çalışdı. 1991-ci ilin dekabr ayında “Belovejskix sazişləri” imzalandı. Qorbaçov isə tezliklə istefa verdi”, - Kravçuk fikrini tamamlayıb.

Müəllif: Ayna.az