“Koronavirus uşaqların xəstəliyi deyil” - <font color=red> HƏKİM</font>

Cəmiyyət

23.11.2020 - 13:29

Qoşqar İsmayılov: “Gələn mart ayında COVID-19-a yoluxmalarda səngimə müşahidə olunacaq, amma…”

 

COVID-19 infeksiyasına yoluxmada sürətli artım davam edir. Artıq sutkalıq qeydə alınan yoluxma sayı 3 mini keçib. Əvvəllər, əsasən böyüklərin yoluxduğu bu xəstəliyə, artıq uşaqlarda yoluxma halları meydana çıxıb. AYNA mövzu ətrafında Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Uşaq xəstəlikləri kafedrasının həkimi, pediatr Qoşqar İsmayılovla həmsöhbət olub.

 

- Doktor, söhbətimizə ənənəvi sualla başlayaq: Yoluxmaların bu qədər sürətlə artmasının səbəblərini nələrdə görürsünüz?

 

- Dünyada, o cümlədən də Azərbaycanda son aylarda  koronavriusa yoluxanların sayının artmasında yüksək intensivlik müşahidə olunur. Bunun əsas səbəblərindən biri hər ilin bu vaxtı mövsümi qriplərin artması ilə əlaqəlidir. Mövsümi qriplər dönəmində uşaq və böyüklərdə immun sisteminin zəifləməsi, havanın qeyri-müntəzəm olması COVID19-a yoluxmanı sürətləndirir. Bəzən olur ki, uşaq və ya böyük yalnız COVID19-a yoluxur. Eyni simptomlar infulyaziyada da görünür. Qripə yoluxanlarda da eyni simptomlar müşahidə olunur. Elə olur ki, ilk olaraq qrip virusuna yoluxur və qanda aşkar etdiyimiz zaman görürük ki, koronavirusa da paralel olaraq yoluxub. İndiki yoluxmanın daha çox səbəbi qrip və paraqrip infeksiyalarıdır. İstər qrip olsun, istər paraqrip olsun, istərsə də COVID-19 olsun, insanlarımız özünü və övladlarını bu viruslardan qorumalıdırlar. Hazırda infeksiyaların infeksiyaların aktiv mərhələsidir. Bir də aprel ayında fəallıq müşahidə olunacaq.

Öz gelishi ile Emisini sevindiren Bahar... - Pediatr Dr. Goshgar Ismayilov  | Facebook

- Uşaqlarla bağlı vəziyyət nə yerdədir?

 

- Ümumiyyətlə, dünyada və Azərbaycanda uşaqlarda simptomatik olaraq müşahidə olunmayıb. Sadəcə, tək-tək asimptomatik görülüb, o da ailədə - nənə, baba, ana və ya atada aşkar olunduqda. Onlar müraicət etdikdə, ailənin bütün üzvləri yoxlanılıb. Yoxlanılan zaman uşaqlarında da pozitiv çıxdığı müşahidə olunub. Az qisimdə belə hal baş verib, o isə simptomsuz olub. Belə desək, koronavirus uşaqların xəstəliyi deyil.

 

- Uşaqların yoluxmaması üçün hansı önləyici tədbirlər görülməlidir?

 

- Bağça və məktəblər bağlandıqdan sonra nəinki COVID, elementar tənəffüs yolu, istərsə də mədə-bağırsaq xəstəlikləri demək olar ki, çox az görüldü. Əvvəllər bu dönəmlərdə yüz uşaqdan yetmişi xəstələnirdisə, indi bu say iyirmilərə düşüb. Səbəb isə az təmasın olmasıdır. Qorunmaq üçün birinci faktor az təmasda olmaqdır. İkinci faktor isə uşaqlarla daha çox maraqlanmaqla bağlıdır. Vitaminlərin qəbulu, düzgün, sağlam qidanlanma, həkimə vaxtında, profilaktik müraciət və s. bütün bunların hamısı mühüm rol oynayır.

 

- Uşaqlar bu virusa yoluxduqdan sonra həmin virusun daşıyıcı olurlar?

 

- Bu ilin əvvəllərində belə bir söhbət var idi ki, uşaqlar daşıyıcı rolu oynayır. Və onlar nənə-baba üçün təhlükə daşıyır. Bu, təsdiqlənməmiş bir haldır. Ümumiyyətlə, bu, heç dünyada öz təsdiqini tapmayıb. Amma yenə də ola bilər ki, uşaq simptomatik olaraq keçirsin və evdə yaşlı bir insanı yoluxdursun. Bu, mümkün olsa da, lakin öz təsdiqini tapmayıb.

 

- Uşaqlar bir dəfə yoluxarlarsa, ikinci dəfə yenidən həmin virusa yoluxma ehtimalları var?

 

- Əlbəttə. Koronavirus qrip kimi bir infeksiyadır. Bir dəfə də yoluxa bilərlər, beş dəfə də... Və ya heç vaxt yoluxmaya da bilərlər.

 

- Uşaqlar üçün bu virusa qarşı hansı növ dərman preparatlarından istifadə olunur?

 

- Onu qeyd edim ki, qoruyucu preparatlar yalnız profilaktik xarakter daşıyır. Valideyn görəndə ki, uşağın burnu axmağa başlayır, həmin qoruyucu preparatların heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq ailənin bir üzvünün və ya iki və daha artıq üzvünün xəstələndiyini gördükdə, mütləq qoruyucu preparatlar istifadə etmək lazımdır ki, uşaqlar yoluxmasın. Bu preparatları həkim nəzarəti altında qəbul etmək lazımdır. Bunlara vitaminlər, qrip əleyhinə dərmanlar, virus əleyhinə dərmanlar daxildir. Ciddi vəziyyətdə isə situasiyadan asılı olaraq həkim təyinatı ilə digər önləyici tədbirlər almaq olar.

 

- Bəzi valideynlər uşaqların burnu axan kimi, özünü bir qədər pis hiss edən zaman uşaqlar üçün antibiotiklərdən istifadə edirlər. Bu, dərəcədə doğrudur?

 

- Təəssüf ki, son zamanlar valideyinlər heç bir həkim məsləhəti olmadan və yaxud da nə vaxtsa buna bənzər bir hal olub və həkim müalicə yazıb deyə, indi də uşaq xəstələnəndə yenidən həmin müalicəni uşaq üzərində tətbiq edirlər. Yəni həkimə müraciət etmədən antibiotik alıb, istifadə edənlər də var. Təbii ki, bu, yolverilməzdir. COVID-19 da daxil olmaq şərtilə, virus infeksiyalarında, burnu axan, temperaturu olan, hər öskürən uşağa antibiotik vermək olmaz. Bunu həkim təyin etməlidir. Əgər bakterial proses varsa, pnevmaniya əlaməti varsa, həkim nəzarəti altında antibiotik təyin oluna bilər.

 

- Uşaqlar COVID19-a bağlı ağır formada pnevmaniya keçirə bilirlərmi?

 

- Xeyr, onlar COVID19-a bağlı ağır pnevmaniya keçirə bilməzlər. Özüm müşahidələrimdən deyə bilərəm ki, bu ilin yanvar-fevral aylarında elə olurdu ki, bir gündə üç-dörd pnevmaniya xəstəsi müalicəyə götürülürdü. O zaman Azərbaycanda heç testlər yox idi ki, bilək bunlar COVID-19-dur, ya yox. Amma çox güman ki, onlar COVID-19 deyildilər. Çünki ondan öncəki illərdə də belə hadisələrlə rastlaşırdıq. COVID-19 ilə bağlı deyil, digər viruslarla bağlı pnevmaniyaları ağır, orta və yüngül keçirənlər də olub. Bu, artıq şəxsin immun sistemindən, yanaşı olaraq hər hansı bir xəstəliyinin olub-olmamasından asılıdır. Ciddi immun sistemi çatışmazlığı, nevroloji xəstəlikləri olan, onkoloji xəstəlikləri olan uşaqlar adi qripə yoluxsalar belə, infeksiyanı çox ağır keçirirlər. Əgər belə xəstəlikləri yoxdursa, o zaman yüngül keçirirlər.

 

- Doktor, koronavirusun bitəcəyi vaxt müəyyəndirmi? Bəzi iddialar var ki, gələn ilin fevral-mart aylarında onunla vidalaşacağıq…

 

- Bəli, mart ayında səngimə müşahidə olunacaq. Bu rəqəmlərin iyirmilərə düşəcəyi gözlənilir. Lakin tamamilə ilə bitəcəyi vaxt bəlli deyil.

Müəllif: Ülviyyə Şahin

Ramanada faciə

Dünən, 17:26 Hadisə