Komitə sədrindən irad: “Bizim əsgərlər muzdlu deyil”

Cəmiyyət

28.12.2020 - 13:07

Həkimlər Klinikalar SEO Xidməti

Siyavuş Novruzov: “Onların əməyini, zəhmətini maddiyyatla kiçiltmək lazım deyil”

 

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2021-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihələri ikinci oxunuşda müzakirə olunub.

 

AYNA-nın xəbərinə görə, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihələr haqqında məlumat verərək bildirib ki, gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 340, yaşa görə pensiyaların isə 370 manat olması proqnozlaşdırılır.

 

“DSMF-nin gələnilki büdcəsi insanların sosial müdafiəsinin gücləndirilməsinə etibarlı təminat yaradacaq. Gələn ilin büdcəsində, ümumiyyətlə, sosialyönümlü xərclərin artırılması proqnozlaşdırılır. Bu da Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin tələbidir”, Quliyev qeyd edib.

 

Müzakirə zamanı Regional siyasət komitəsinin sədri Siyavuş Novruzov deyib ki, həbrçilərin maddi problemləri var və bu həll edilməlidir: “Məni narahat edən odur ki, telekanallarda şəhidlər, şəhid ailələri və qazilərlə bağlı verilişlərdə maddiyyat məsələsindən danışılır. Bizim əsgərlər muzdlu hərbçilər deyil, onlar özləri könüllü şəkildə döyüşə, Vətənin müdafiəsinə gediblər. Otuz ildən artıq içlərindəki Vətən, torpaq eşqinə görə, vuruşublar, döyüşüblər. Onların əməyini, zəhmətini maddiyyatla kiçiltmək lazım deyil”.

 

“2021-ci ilin büdcə zərfini “Zəfər layihəsi” adlandırsaq, yaxşı olardı. Vətən müharibəsində sağlamlığını, əmək qabiliyyətini itirən hərbi qulluqçuların maaşının 85 faizi ödənilir. Xarici ölkələrdə isə bunun 100 faizi ödənilir. Bu məsələni hökumət üzvlərinin nəzərə almasını xahiş edirəm”, - digər deputat Məlahət İbrahimqızı deyib.

 

Deputat xatırladıb ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müxtəlif bölgələrdə reabilitasiya mərkəzlərinin açıldığını deyib: “Gələcəkdə Qarabağda da belə reabilitasiya mərkəzlərinin tikilməsi, Vətən müharibəsində iştirak edən şəhid və qazi ailələri üçün pulsuz olsa, yaxşı olardı”.

 

Müzakirələrdən sonra hər iki layihə səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş