“Qeyri-qanuni mitinqdə iştirak etdiyinə və yalan bəyanatlara görə Baş nazir Finlandiyanın xarici işlər naziri ilə planlaşdırılan görüşü ləğv edib”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tiflisdə hökumət əleyhinə mitinqdə çıxış etdiyinə görə ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə görüşdən imtina edib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
“Dünənki qeyri-qanuni mitinqdə iştirak etdiyinə və yalan bəyanatlara görə Baş nazir Finlandiyanın xarici işlər naziri ilə planlaşdırılan görüşü ləğv edib”, - məlumatda vurğulanıb.
Oktyabrın 5-də Gürcüstan Daxili İşlər Nazirliyi növbəti günlərdə keçiriləcək istənilən etiraz aksiyasını hakimiyyətin dövlət çevrilişinə cəhd, 4 oktyabr hadisələrinin davamı kimi qiymətləndirəcəyini açıqlayıb. Bələdiyyə seçkilərini boykot edən müxalifətin mitinqi daha sonra kiçik bir qrup nümayişçinin Gürcüstan Prezidentinin iqamətgahına girməyə cəhd etməsindən sonra polislə toqquşmaya çevrilib.
“Müvafiq tədbirlər” görülməsi ilə bağlı xəbərdarlıqlara baxmayaraq, Tiflisdə hər gün kiçik etiraz aksiyaları davam edir. Çərşənbə axşamı Valtonen xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra Gürcüstan Parlamenti qarşısında keçirilən mitinqdə iştirak edib. O bir ilə yaxındır ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə çıxış edən nümayişçilərə indiki hakimiyyəti qeyri-legitim hesab edərək dəstək verdiyini bildirib.