Kiyevlə Moskva arasında yeni sülh planı: Türkiyənin təklifində nələr var?

Dünya

12.04.2024 - 17:59

Ukrayna 2040-cı ilə qədər NATO-ya daxil olmamaq üçün zəmanət verməlidir: Rusiya isə Kiyevin Aİ-yə daxil olmasına etiraz etməməlidir

Türkiyə Rusiya və Ukraynaya hazırkı cəbhə xəttində münaqişənin dondurulmasını nəzərdə tutan yeni sülh müqaviləsi layihəsini təklif edib. Bu barədə “Novaya qazeta Europe” sənədlə tanış olan mənbəyə istinadən yazıb. Plana həmçinin 2040-cı ildə Ukraynada dövlətin xarici siyasəti ilə bağlı referendumların məcburi keçirilməsi, habelə müharibənin dondurulduğu vaxt Rusiyanın işğalı altında olan bütün Ukrayna ərazilərində beynəlxalq nəzarət altında referendumların keçirilməsi də daxildir.

Sənədə görə, Ukrayna 2040-cı ilə qədər Şimali Atlantika Alyansı blokuna (NATO) daxil olmamaq üçün zəmanət verməli, Rusiya isə Ukraynanın Avropa İttifaqına daxil olmasına etirazlarından əl çəkməli olacaq. Plan həmçinin “hamının hamıya” prinsipi ilə əsir və girovların mübadiləsini nəzərdə tutur.

Bundan əlavə, plana ABŞ və Rusiyanın heç bir şəraitdə nüvə silahından istifadə etməmək, həmçinin Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsi (START-3) və birtərəfli qaydada çıxmaq olmadıqda, nüvə silahından gələcəkdə istifadə etməmək barədə qarşılıqlı öhdəlik də daxildir.

Bundan əvvəl İsveçrə Prezidenti Viola Amerd iyunun 15-16-da Bürgenstokda Ukraynada nizamlanma üzrə konfransın keçiriləcəyini bildirmişdi. Amerdin sözlərinə görə, sammitə Rusiya da daxil olmaqla 100-dən çox ölkənin dəvət edilməsi planlaşdırılır. Moskva isə bu tədbirdə iştirak etməkdə maraqlı olmadığını açıq şəkildə bildirib.

Bir gün əvvəl isə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrədə keçiriləcək sammitdə müharibənin dayandırılması planının hazırlanacağını, Rusiyanın müzakirəsindən sonra onunla tanış ola biləcəyini demişdi. Dövlət başçısı əlavə edib ki, söhbət sülh sammiti platformasından gedirsə, Kiyev Moskvanın “müəyyən nümayəndələri ilə dialoq üçün imkanlar” tapacaq, eyni zamanda, Rusiyanı tədbirdə görmək istəmədiyini qeyd edib.

“İsveçrədə keçiriləcək sülh sammitindəki müzakirədən sonra Rusiya Ukrayna ilə müharibəyə son qoymaq planını öyrənmək imkanı əldə edəcək”, - deyən Zelenski “Bild”ə müsahibəsində bildirib ki, plan hazırlanacaq: “Biz plan hazırlayacağıq. Düşünürəm ki, görülməli olan işlərin konkret təfərrüatları olan bəzi məqamlar Cenevrə formatında ilk görüşə qədər hazır olacaq. Bundan sonra biz tam plan hazırlayacağıq və bəzi vasitəçilər, qitələrin nümayəndələri, təbii ki, bunu Rusiya nümayəndələrinə göstərəcəklər. Ancaq biz ümumi rəy formalaşdırdıqdan sonra”.

Zelenski həmçinin bildirib ki, Rusiyanı İsveçrədə keçiriləcək sülh sammitində görmək istəmir: “Onların orada iştirakına və nəyinsə qarşısını almasına ehtiyacımız yoxdur”.

Öz növbəsində İsveçrənin xarici işlər naziri İqnazio Kassis Ukraynada müharibəyə son qoymaq üçün danışıqların Rusiyasız baş tuta bilməyəcəyini qeyd edib və gələcəkdə onun da onlara qoşulacağına ümid etdiyini bildirib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva dəvət alsa belə konfransda iştirak etməyəcək, çünki Ukrayna bu formatdan Zelenskinin Rusiya üçün qəbuledilməz məqamları ehtiva edən “sülh formulu”nu təbliğ etmək niyyətində olduğuna inanır. Bu formula 1991-ci ildə qoşunların Ukrayna sərhədlərinə çıxarılması daxildir.

Ötən ilin fevralında Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri özündə əks etdirən “sülh planı” dərc edib. Sənəd 12 bənddən ibarətdir. Burada tərəflər suverenliyə hörmətə, atəşkəsə və danışıqların bərpasına çağırır, lakin konkret addımları özündə əks etdirmir. Məsələn, Rusiya qoşunlarının Ukraynadan çıxarılması şərtini ehtiva etmir ki, bu da təbii ki, Kiyevin maraqlarına uyğun gəlmir. ABŞ Prezidenti Co Bayden də Çinin təşəbbüsünü tənqid edərək, bunu yalnız “Moskva üçün faydalı” adlandırıb.

2023-cü ilin yayında Afrika ölkələri sülh planını təqdim etdilər. Sənəddə dərhal sülh danışıqlarına və “hər iki tərəfdə gərginliyin azaldılmasına” çağırışlar olsa da, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına dair bənd yoxdur. Sənədi araşdıran Prezident Zelenski bu yanaşma ilə razılaşmayıb.

İndi Ukrayna təkid edir ki, sülh yolu ilə nizamlanmanın ilkin şərti Rusiya qoşunlarının 1991-ci il sərhədləri daxilində ölkə ərazisindən kənara tam çıxarılması olmalıdır.

Müəllif: Turan Abdulla