Hava hücumu nəticəsində Ukrayna paytaxtının 6 rayonunda dağıntılar qeydə alınıb
İyunun 5-dən 6-a keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu həyata keçirib. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, paytaxta əvvəlcə “Şahed” tipli dronlarla hücum edilib, sonra isə ballistik raketlərlə hücum olub.
Kiyev meri Vitali Kliçko “Telegram” kanalında yazıb ki, paytaxta hava hücumu nəticəsində azı 4 nəfər həlak olub, 20 nəfər yaralanıb.
Kiyev şəhər Hərbi Administrasiyasının məlumatına görə, hava hücumu nəticəsində paytaxtın 6 rayonunda dağıntılar qeydə alınıb.
Zərərsizləşdirilən dron və raketlərin qalıqları çoxmərtəbəli binalarda, yanacaqdoldurma məntəqələrində, qeyri-yaşayış sahələrində və açıq ərazilərdə yanğınlara səbəb olub.
Ukraynanın daxili işlər naziri İqor Klimenko isə bildirib ki, Kiyevdə xilasetmə işləri zamanı Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin 3 əməkdaşı həlak olub, 9 nəfəri isə yaralanıb.