“Biz suverenliyimiz və ərazilərimiz üzərindən alver etmirik”
Qərb diplomatları və ukraynalı siyasətçilərin əksəriyyəti razılaşırlar ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanın Ukrayna ərazilərinin bir hissəsinə faktiki nəzarəti nəzərdə tutan kompromis əsasında başa çata bilər. Eyni zamanda, Ukrayna NATO-ya üzv ola bilər. Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, ilhaq edilmiş Krım da daxil olmaqla, Ukrayna ərazilərinə Rusiyanın nəzarəti rəsmi olaraq tanınmayacaq.
“Financial Times”ın həmsöhbətləri qeyd ediblər ki, Rusiya tərəfindən ilhaq edilmiş torpaqlar gələcəkdə diplomatik vasitələrlə geri qaytarılmalıdır, lakin bu, Ukrayna media məkanında, xüsusən də Moskva ilə kompromis üçün əsas kimi təqdim edildikdə, müzakirə olunmur.
Nəşrin yazdığına görə, Vaşinqton hələ də Ukraynanın müharibə bitməmiş NATO-ya daxil olmasının ABŞ və müttəfiqlərini Rusiya ilə müharibəyə cəlb edəcəyindən ehtiyat edir.
Bundan əvvəl NATO-nun keçmiş rəhbəri Yens Stoltenberq də “Financial Times” qəzetinə müsahibəsində Ukraynanın Rusiya ordusu tərəfindən işğal olunmuş ərazilər olmadan Alyansa qəbul olunmasını təklif etmişdi.
“Birləşmiş Ştatlar Yaponiyaya təhlükəsizlik zəmanəti verib. Lakin bu zəmanət Kuril adalarını əhatə etmir”, Stoltenberq qeyd etmişdi.
Ukrayna Prezidentinin İşlər İdarəsi “Financial Times” nəşrini yazdıqlarını təkzib edib.
“Yazılanlar cəfəngiyatdır. Belə bir söhbət ümumiyyətlə yoxdur. Qərbdə heç kim Ukraynaya rəsmi və açıq şəkildə müharibənin genişlənməsinin və ya təkrarlanmasının qarşısını alacaq təhlükəsizlik zəmanəti təklif etməyib. İkincisi, biz suverenliyimiz və ərazilərimiz üzərindən alver etmirik”, - Ukrayna mediası Prezident Volodimir Zelenskinin ofisindəki mənbəyə əsasən yazıb.