Kitabımızı bağlayırlar

Cəmiyyət

04.03.2020 - 19:58

Ölkədə kitab oxumaq mədəniyyətinə növbəti zərbə vurulacaq

 

AMEA Mərkəzi Elmi Kitabxana (MEK) tələbələr üçün aylıq abunəhaqlarını 10 manatdan 15 manata qaldırıb. Məsələdən narazı qalan tələbələrin sözlərinə görə, bununla, onsuz da maraq zəif olan kitab oxumaq mədəniyyətinə növbəti zərbə vurulacaq.

 

Bu qərara etiraz edən professor Fərhad Mehdiyevin fikrincə, belə yanaşma elm adına rəzalətdir: “Bir tələbə ayda 15 manat kitab oxumağa necə xərcləyə bilər? Çoxu burada kirayə qalır, gəlir yeri yoxdur, aldığı tələbə təqaüdü də nədir ki?! Bu, “bazarkom” təfəkkürüdür, elm və təhsillə hər hansı əlaqəsi yoxdur”.

 

Professor hesab edir ki, kitabxanadan istifadə pulsuz, ya d, çox cüzi şərtlərlə, güzəştli kartlarla olmalıdır.

 

AYNA-ya açıqlamasında seçilmiş millət vəkili Fazil Mustafanın fikrincə, özəl olmayan kitabxananı ödənişli etmək yanlışdır: “Əgər bu, özəl kitabxana olsaydı, o halda mülkiyyətçinin iradəsi ilə bu cür məbləğlər qoymaq anlayışla qarşılanardı. Fikrimcə, bundan da vacib, kitab və çap məhsullarına qoyulan 18%-lik ƏDV-ni sıfırlamaqdır. Bu, kitabın satış qiymətinin aşağı düşməsinə və dolayısı ilə mütaliə imkanlarının artmasına səbəb olacaq”.

Raminə Eyvazqızı