2005-ci ildən təkrarlanan mövqe: Baş nazirin bəyanatında sensasiya yoxdur
Moldovanın yeni Baş naziri Dorin Reçan Dnestryanı bölgənin demilitarizasiyasının zəruriliyini bəyan edib. Onun sözlərinə görə, Moldovada hərbi və ya hibrid əməliyyatların eskalasiyasının real təhlükəsini nəzərdən qaçırmaq olmaz. Xüsusən də respublika ərazisində hibrid müharibənin getdiyini nəzərə alsaq.
“Biz özümüzü neytral elan etmişik. Bu o deməkdir ki, bizə heç kim toxunmayacaq, amma kimsə bizə yaxınlaşmaq istəsə, biz nə edəcəyik, çantalarımızı alıb qaçacağıq?.. Unutmayaq, Rusiya ordusu hələ də Dnestryanı bölgədədir", deyə Baş nazir söyləyib.
Ona görə də Baş nazirin fikrincə, Dnestr çayının sol sahili rus qoşunlarının çıxarılmasını və demilitarizasiyanı tələb edir.
Moldovanın yeni Baş nazirinin Rusiya qoşunlarının Dnestryanı bölgədən çıxarılmasının zəruriliyi ilə bağlı bəyanatında hansısa “daha sərt mövqe” və az qala Kişinyovun Dnestryanı problemin dərhal həllinə hazır olduğunu söuləməklərini görmək çox gülməlidir. Belə bir vizyonun yanlışlığını başa düşmək üçün bir az keçmişə səyahət etməyə dəyər.
2005-ci ildə Moldovada Kommunistlər Partiyası hakimiyyətdədir, Moldova Parlamenti müraciət qəbul edərək, ATƏT-dən Rusiya qoşunlarının çıxarılması üçün mexanizm yaratmağı və demilitarizasiya prosesinə nəzarət edəcək müşahidəçilər göndərməyi xahiş edir. Moldova Prezidenti Vladimir Voronin qeyd edir: “Biz Moldova ərazisində rus qoşunlarının mövcudluğunda heç bir siyasi və geosiyasi əsas görmürük”.
2009 - Avropaya İnteqrasiya Alyansı hakimiyyətdədir. Baş nazir Vlad Filat bu vəzifəyə seçildikdən sonra Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasının zəruriliyini bəyan edir.
2013 - Moldovanın Baş naziri Yuri Leanka BMT Baş Assambleyasının 68-ci sessiyasının tribunasından Rusiya qoşunlarının ölkədən çıxarılmasının tərəfdarı olub.
2017 - Demokratik Partiyanın (və əslində oliqarx Vlad Plaxotnyukçun) nəzarətində olan Moldova Parlamenti rus qoşunlarının çıxarılmasının zəruriliyi ilə bağlı bəyannamə qəbul edir.
2018 - Moldovanın Baş naziri Pavel Filip BMT Baş Assambleyasında Rusiya qoşunlarının çıxarılması üçün çıxış edir.
2020 - Moldova Prezidenti İqor Dodon (açıq-aşkar rusiyapərəst siyasətçi), qeyd edir: "2019-cu ildə Rusiya tərəfdaşları ilə bu sursatların evakuasiya edilməsi təşəbbüsü irəli sürülüb. Sursatların çıxarılması təmin edildikdən dərhal sonra Rusiya qoşunları da ərazidən geri çəkilməlidir".
Ona görə də Reçanın bəyanatında heç bir sensasiya yoxdur. Axı, birincisi, Rusiya qoşunlarının çıxarılması, ən azı 2005-ci ildən bəri Moldova hakimiyyətinin demək olar ki, dəyişməz mövqeyidir. İkincisi, problemi sırf diplomatiya yolu ilə həll etmək istəyi də dəyişməz olaraq qalır.
Müəllif: Artem Filipenko - Milli Strateji Araşdırmalar İnstitutunun eksperti
Mənbə: UNİAN