Venesuela Prezidenti ilə əlaqəli digər şəxslərin də aktivləri dondurulub
İsveçrə hakimiyyəti ABŞ-ın xüsusi əməliyyatı ilə tutulan Venesuela Prezidenti Nikolas Maduronun və "onunla əlaqəli digər şəxslərin" aktivlərini dondurub. AYNA.AZ xəbər verir ki, bu bu barədə BBC məlumat yayıb.
İsveçrə Xarici İşlər Nazirliyi məhdudiyyətlərin dondurulmuş vəsaitlərin ölkədən çıxmasının qarşısını almaq üçün nəzərdə tutulduğunu qeyd edib.
Venesuela 2018-ci ildə İsveçrə sanksiyaları altına düşüb. Bu sanksiyalara 54 nəfərin aktivlərinin dondurulması və ölkəyə giriş qadağaları daxildir. Maduro və onun tərəfdaşlarının ölkədə saxlanılan dəqiq aktivləri açıqlanmayıb. Lakin sızdırılmış sənədlərə əsaslanan əvvəlki İsveçrə media hesabatları göstərir ki, prokurorlar oğurlanmış Venesuela dövlət vəsaitləri ilə əlaqəli ola biləcək 10 milyard dollar dəyərində bank hesablarını müəyyən ediblər.
İsveçrə hakimiyyəti tərəfindən həyata keçirilən bu tədbir "Xarici siyasi xadimlərin qanunsuz əldə edilmiş aktivlərinin dondurulması və qaytarılması haqqında" Federal Qanuna əsaslanır. İsveçrə Xarici İşlər Nazirliyindən qeyd edilib ki, aktivlərin dondurulması qərarı verilərkən hakimiyyətin itirilməsinin səbəbləri, eləcə də bunun qanuni və ya beynəlxalq hüquqa zidd olub-olmaması əhəmiyyətsizdir. Həlledici amil hakimiyyətin itirilməsinin özüdür.
İsveçrə hakimiyyətinin qərarı dərhal qüvvəyə minir və aktivlərin dondurulması dörd il müddətinə qüvvədə olacaq. İsveçrə həmçinin bildirib ki, qanunsuz əldə etmələri məhkəmədə sübut olunarsa, Venesuela xalqına vəsaitləri qaytarmağa çalışacaq.
5 yanvarda Karakasda ABŞ xüsusi təyinatlıları tərəfindən tutulan Maduro, ABŞ hüquq-mühafizə orqanlarının nəzarətində olan həyat yoldaşı Floreslə birlikdə Bruklin həbsxanasından Nyu-York məhkəməsinə köçürülüb. Maduro Meksika Sinaloa və Los Zetas kartelləri, Kolumbiya FARC üsyançıları və Venesuela Tren de Aragua dəstəsi də daxil olmaqla cinayətkar qruplarla əməkdaşlıq edən kokain qaçaqmalçılığı şəbəkəsinə rəhbərlik etməkdə ittiham olunur.
63 yaşlı Maduro ittihamları rədd edir və iddia edir ki, onlar Venesuela nefti üçün imperialist planlar üçün örtükdür.