Ordunun Mətbuat Xidməti məlumatı təkzib edib
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi dekabrda istefaya getməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə İsrailin “12” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bu vaxta qədər ordu 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının hücumunu mümkün edən hərbi rəhbərliyin buraxdığı səhvlərlə bağlı araşdırmanı başa çatdırmalı idi. Halevinin dekabrın sonunda istefa verməzdən əvvəl daxili yoxlamaların nəticələrini ictimaiyyətə açıqlayacağı gözlənilir. Eyni müddətə qədər İsrail Müdafiə Qüvvələri Livanda potensial hərbi əməliyyata hazırlığı başa çatdırmalıdır.
Bununla yanaşı, kanal qeyd edir ki, Hizbullah hərəkatı ilə münaqişənin şiddətlənəcəyi təqdirdə Halevi vəzifəsində qala bilər.
İsrail ordusunun Mətbuat Xidməti bu məlumatı təkzib edib. Silahlı Qüvvələrin bəyanatında deyilir: “Baş Qərargah rəisinin təklif olunan istefa tarixi ilə bağlı bu məlumat yalandır və əsassızdır”.