Raket buraxılış qurğuları və sursat anbarları da daxil olmaqla, onlarla hədəf vurulub
Bazar günü gecə İsrail Müdafiə Qüvvələri (İDF) Livanın cənubundakı radikal Hizbullah qruplaşmasının hədəflərinə zərbələrinə davam edib. AYNA xarici mediaya istinadən bildirir ki, İDF Mətbuat Xidmətinin məlumatına görə, raket buraxılış qurğuları və sursat anbarları da daxil olmaqla, onlarla hədəf vurulub.
Livan mediası İsrailin hücumu nəticəsində ölənlərin olduğunu bildirib.
Bazar günü səhər Livandan İsrailə azı səkkiz raket atılıb. Onlar boş yerə düşüblər, heç kim xəsarət almayıb.
Bundan əlavə, İsrail ordusunun məlumatına görə, Qırmızı dənizdən buraxılan hücum pilotsuz təyyarəsi ələ keçirilib.
İsrail ordusu Livanın cənubunda quru əməliyyatının mümkün başlaması barədə məlumat verməyib. Lakin Amerika mənbələri bu ehtimalı istisna etmir. Hazırda tanklar və zirehli maşınlar da daxil olmaqla, Livan sərhədinə İDF qüvvələri yerləşdirilib. Bazar günü ABŞ mənbələri bildiriblər ki, İsrail ordusu Livanla sərhəd bölgəsində artıq hədəfli əməliyyatlara başlayıb.