İşğaldan azad edilən ərazilərdə dronlarla monitorinq aparılacaq

Xəbərlər

21.01.2021 - 13:58

Hazırda dronlar üzərində sınaq işləri həyata keçirilir

 

İşğaldan azad olunmuş ərazilərimizdə meşə və su təsərrüfatının, flora və fauna tərkibi tədqiq ediləcək, Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) nüvə tullantılarının ərazilərimizdə basdırılma ehtimalı yüksək olduğundan bu bölgənin radioekoloji monitorinqi aparılacaq.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkından AYNA-ya verilən məlumata görə, Parkın rezidentlərindən olan “AZELTECH” şirkəti tərəfindən daha bir innovativ layihə – dronların istehsalı üçün hazırlıq işləri görülür.

 

Bu dronlardan işğaldan azad olunmuş ərazilərimizdə meşə və su təsərrüfatının, flora və fauna tərkibinin tədqiqi, eləcə də Ermənistanın Metsamor AES-in nüvə tullantılarının ərazilərimizdə basdırılma ehtimalı yüksək olduğundan bu bölgənin radioekoloji monitorinqinin aparılması məqsədilə istifadə olunacaq.

 

Hazırda dronlar üzərində sınaq işləri həyata keçirilir. Bu məqsədlə baza dronunun üzərinə ərazilərin radioekoloji monitorinqini həyata keçirmək üçün qamma və neytron detektorları inteqrasiya olunur. Real vaxt rejimində mövcud koordinatda işğaldan azad olunmuş ərazilərin radiasiya fonunun ölçülməsi nəzərdə tutulur.

Müəllif: Ayna.az