Siyahı dörd bənddən ibarətdir
İranın Rusiyadakı səfiri Kazem Cəlali Tehranın ABŞ və İsraildən davamlı sülhə nail olmaq tələblərini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə diplomat TASS-a verdiyi müsahibədə deyib.
Bildirib ki, siyahı dörd bənddən ibarətdir:
"Təcavüzün və terror aktlarının qəti və tam dayandırılması, təcavüzün və müharibənin təkrarlanmasının qarşısını almaq üçün obyektiv və etibarlı zəmanətlərin verilməsi, maddi və mənəvi ziyana görə tam kompensasiya və beynəlxalq dəniz təhlükəsizliyini qorumaq məqsədilə İranın Hörmüz boğazındakı hüquqi yurisdiksiyasına hörmət. Vasitəçilərin rolunu və səylərini yüksək qiymətləndirərək, sülhün yalnız bu öhdəliklərə əməl olunmasından asılı olduğuna inanırıq”, - əlavə edib.
Səfirin sözlərinə görə, "İran İslam Respublikası həmişə regionda sabitlik və təhlükəsizliyin bərqərar olması üçün istənilən konstruktiv və səmimi səyləri alqışlayıb".
"Lakin vurğulamaq lazımdır ki, ədalətli sülhə və davamlı atəşkəsə nail olmaq üçün hər hansı bir təşəbbüs və ya təklif olunan plan yerindəki reallıqların nəzərə alınmasını və bu hüquqi və siyasi şərtlərin və tələblərin yerinə yetirilməsini tələb edir", - deyə diplomatik missiyanın rəhbəri qeyd edib.
Cəlali bildirib ki, "İran təhdidin mənbəyi tamamilə aradan qaldırılana qədər özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək".
“Tərəfdaşlarla məsləhətləşmələrə gəldikdə, Tehran həmişə diplomatik gündəliyinə Rusiya da daxil olmaqla strateji müttəfiqləri ilə fikir mübadiləsi və koordinasiyanı daxil edir", - deyə o əlavə edib.