"Əgər müharibə olarda, İran ABŞ-a unudulmaz bir dərs verəcək"
“Tehran müharibə axtarmır. Amma ABŞ hücum edərsə, İran düşmənlərinə heç vaxt unutmayacaqları bir dərs verəcək". AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri İranın müdafiə naziri Əziz Nəsirzadə erməni həmkarı Suren Papikyanla görüşündə deyib.
Qeyd edək ki, fevralın 19-da ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Sülh Şurasının iclasında çıxış edərək bildirib ki, İran razılaşması ilə bağlı aydınlıq yaxın 10 gün ərzində əldə edilə bilər. O həmçinin xəbərdarlıq edib ki, Tehran razılaşmasa, İranın başına "çox pis şeylər" gələ bilər.
Nəsirzadə isə deyib: "İran İslam Respublikası müharibə axtarmır, amma ölkəyə müharibə məcbur edilərsə, özünü bütün gücü ilə müdafiə edəcək və düşmənlərinə heç vaxt unutmayacaqları bir dərs verəcək".
Tehran və Vaşinqton arasında İranın nüvə məsələsi ilə bağlı danışıqlar 17 fevralda Cenevrədəki Omanın diplomatik nümayəndəliyində baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib. Əraqçi danışıqları “konstruktiv” və “ciddi” adlandırıb. O bildirib ki, tərəflər işlərini razılaşmaya əsaslandıracaq əsas prinsiplər hazırlayıblar.
ABŞ-İran danışıqlarının növbəti mərhələsi 26 fevralda Cenevrədə keçiriləcək.