İran vətəndaşları Azərbaycan sərhədçilərini atəşə tutublar - <font color=red> FOTOLAR</font>

Hadisə

25.11.2019 - 11:44

Sərhəd naryadı tərəfindən sərhəd pozucularından biri zərərsizləşdirilib

 

2019-cu ilin 23 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.

 

DSX-nın Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

 

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından biri zərərsizləşdirilib. Digər sərhəd pozucusu ərazinin kolluq və qamışlıq olmasından istifadə edərək İran İslam Respublikası ərazisinə qaçıb.

 

Hadisə yerində 1 ədəd politelen bağlamada, ümumi çəkisi 2595 qram marixuana və metafetamin növündə narkotik vasitə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq, 2 ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunub. 

 

İİR-in sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişmiş sərhəd pozucusunun İİR vətəndaşı olması müəyyən edilib.

 

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Müəllif: Ayna.az