Azərbaycanda polis tabel silahı ilə iki qardaşı güllələyib

Hadisə

13.07.2019 - 11:39

Qardaşlar və dava zamanı xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib

 

Goranboy rayonunda silahlı insident baş verib. AYNA xəbər verir ki, rayonun Goran qəsəbəsində yaşanan hadisə nəticəsində üç nəfər xəsarət alıb. Onlar - Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğludur.

 

Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir. Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır.

 

Oxu.az baş vermiş silahlı insidentin təfərrüatlarını öyrənib. Məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib. Gənclərdən birini hərbi xidmətə yola salmaq üçün təşkil edilən yığıncaqda qohumlar arasında mübahisə yaranıb. Bu zaman Lətif Əmrahovla orada olan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov arasındakı mübahisə davaya çevrilib.

 

L.Əmrahovun qardaşı Təbriz Əmrahov onları ayırmağa çalışarkən V.Kərimov ona təhkim olunmuş tabel silahı ilə atəş açıb. Nəticədə hər iki qardaş yaralanıb.

 

Qardaşlar və dava zamanı xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib. T.Əmrahov komatoz vəziyyətdədir. Faktla bağlı araşdırma davam edir.

Müəllif: Ayna.az