“İnsanların xilası üçün şəhərlərin ətrafında quyular qazılmalıdır” - Həmid Xalidov

Aktual

13.03.2023 - 14:12

Hökumətlərə zəlzələdən xilasetmə üsulu təklifi: “Son faciələrdən dərs çıxarmaq lazımdır”

Rusiyalı ixtiraçı Həmid Xalidov AYNA-ya müsahibəsində maraqlı mətləblərdən danışıb. Beləliklə:

- Bir neçə il əvvəl siz şəhər və qəsəbələri zəlzələlərdən qorumaq üçün unikal üsul təklif etdiniz. Bu üsul haqqında oxucularımıza məlumat verə bilərsinizmi?

- Bir dəfə zəlzələlərlə bağlı televiziya verilişinə baxarkən düşündüm ki, insanları dağıdıcı nəticələrdən necə xilas etmək olar. Və ağlıma maraqlı bir fikir gəldi. Baxın, insanlar əsasən zəlzələlərdə binaların çökməsi səbəbindən həlak olurlar. Odur ki, binaların təkanlara tab gətirə biləcəyinə əmin olmaq lazımdır. Bəli, onların tikintisində zəlzələyə davamlı materiallardan və bəzi amortizasiya üsullarından istifadə etmək olar, lakin bu, binanın qiymətini bir neçə dəfə artırır. Hər büdcənin buna gücü çatmaz.

Mənim metodum şəhər və qəsəbələrin ətrafında bir neçə qövs və ya yarımqövs şəklində lazımi sayda quyu qazmaqdan ibarətdir. Zəlzələlərin iddia edilən episentrindən zərbə dalğasının yolu boyunca quyular qazılır. Onlar elə ardıcıllıqla və sıra ilə düzülməlidir ki, birinci qövsdən hərəkət edən zərbə dalğası quyu ilə toqquşduqda və quyunun daxilində boşluq olduğundan və o, artıq dalğanı ötürmədiyindən, toqquşmadan sonra zərbə dalğası bölünsün. Beləliklə dalğa bir neçə fraqmentə bölünür və ikinci qövsün quyularına yönəldilir və quyular elə yerləşdirilməlidir ki, onlar birinci qövsün quyuları ilə ayrılmış zərbə dalğasının fraqmentlərini qəbul edib, maksimum dərəcədə söndürsünlər. Və bu şəkildə şok dalğasının gücü məqbul bir dəyərə qədər zəiflədilir.

Praktikada bu, ucuz və sürətli üsuldur, yüksək xərc tələb etmir. Binalardan, infrastrukturdan və ərazinin torpağından asılı olaraq, quyuların dərinliyi 10-100 metrə qədər ola bilər. Bu, təkanların amplitudasını 3 bala qədər azalda bilər ki, bu da binalar üçün təhlükəli deyil.

- Rusiya hökuməti Türkiyə və Suriyada baş verən son dağıdıcı zəlzələlərdən sonra sizin kəşfinizlə maraqlanıbmı?

- Mən Türkiyə və Suriyanın dövlət qurumları tərəfindən daha sonra çatdırılması üçün Rusiya Xarici İşlər Nazirliyinə öz təkliflərimlə bağlı müvafiq məktub göndərdim. Hələ əvvəllər mən Səudiyyə Ərəbistanı rəhbərliyinə əl-Həram məscidinin yeni kompleksinin tikintisində mənim metodumdan istifadə etməyi təklif etmişdim, lakin hələ də cavab verməyiblər.

- Bildiyimizə görə, Kahramanmaraşda baş verən son dağıdıcı zəlzələlər fonunda metodunuzu qəbul etməyi Türkiyə hökumətinə təklif etmisiniz...

- Türkiyədə baş verən dağıdıcı zəlzələlər Rusiya müsəlmanlarının qəlbində ciddi əks-səda doğurdu. Bildiyimə görə, mənim vətənim Dağıstanın yalnız bir kəndindən - Nijne Kazanişçedən 32 milyon rubl yardım toplanıb. Bu, Rusiya standartlarına görə əhəmiyyətli məbləğdir. Türkiyəyə gedən rus xilasediciləri ilə əlaqə saxlayıram. Onların çoxu Dağıstandandır. Onların vasitəsilə mən zəlzələdən qorunmaq üçün hazırladığım işlərlə bağlı təklifləri Türkiyə rəsmilərinə çatdırdım. Təkliflərimə maraq göstərdilər, həmçinin elmi və mühəndislik işlərinin yer aldığı “Bilik axtarışı” kitabımı göndərməyimi xahiş etdilər.

Ümid edirəm ki, Türkiyə rəhbərliyi mənim ideyamı işə alacaq və gələcəkdə baş verə biləcək fəlakətlərin qarşısını alacaq. Vladimir Putinlə çox mehriban olan Rəcəb Tayyib Ərdoğan məni çox heyran etdi. Təvazökar səslənməyə bilər, amma inanıram ki, mənim ideyam onların bu dostluğu üçün bir növ dəstək olacaq. Türkiyənin dağıdıcı zəlzələdən hələ də özünə gəlmədiyini görmək mənim üçün çox çətindir. Bu, bir daha baş verməməlidir. Ən yaxşısına ümid edək.

- Təklif etdiyiniz metodun əsası nədir? Bu, praktikada sübut olunubmu?

- Bu üsul mənim 102 patentləşdirilmiş ixtiranın müəllifi kimi biliklərimə əsaslanır. Bəşər tarixində heç vaxt olmayan trimaran gəmilərim 2005-ci ildən ABŞ, Çin və digər ölkələrdə tikilir. Məni bütün dövrlərin və xalqların məşhur ixtiraçıları siyahısına salınmışam. Əgər hökumətlər mənim təkliflərimə ciddi yanaşsaydı, son üç ildə nəsə etmək olardı. Amma ümid edirik ki, Suriya və Türkiyədə baş verən faciəvi hadisələr onları hərəkətə keçməyə məcbur edəcək.

Müəllif: Asif Aydınlı