İstanbul Baş Prokurorluğu məlumat yayıb
Hazırda həbsdə olan İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) başqanı Ekrem İmamoğlu casusluqda şübhəli bilinir. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, İstanbul Baş Prokurorluğu verdiyi açıqlamada Terror Cinayətlərinin İstintaq Bürosunun istintaqının 4 iyulda casusluq ittihamı ilə həbs edilən Hüseyn Gündən alınan rəqəmsal materiallara əsaslanır.
Bəyanatda Hüseyn Günün "çoxsaylı xarici kəşfiyyat rəsmiləri ilə əlaqə saxladığı" və İmamoğlunun müşaviri Necati Özkana təlimat verdiyini göstərən söhbətlər apardığı bildirilib.
Prokurorluq həmçinin jurnalist Merdan Yanardağın "Hüseyn Gün ilə casusluq fəaliyyəti ilə bağlı çoxsaylı əlaqələri və yazışmaları" olduğunu bildirib. Bundan əlavə, Yanardağın "seçki prosesi üçün mətbuat xidməti təşkil etdiyi, Hüseyn Gündən kompensasiya aldığı və 2019-cu ildə yerli seçkilərin nəticələrini manipulyasiya etmək üçün xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyi və bununla da casusluq cinayəti törətdiyi" iddia edilir.
İstanbul Bələdiyyəsi ilə bağlı başqa bir araşdırmada iddia olunur ki, "4,7 milyon insanın şəxsi məlumatları xaricə ötürülüb", "11 milyon insanın səsvermə yeri məlumatları proqramdan kənarda işlənib və İBB HANEM tətbiqi vasitəsilə ötürülüb".
İstintaq çərçivəsində 13 nəfər barəsində məhkəməyəqədər həbs cəzası verilib.