Kolumbiya Prezidenti amerikalı iş adamını nasist olmaqda ittiham edib
Kolumbiya Prezidenti Qustavo Petro amerikalı iş adamı İlon Maskı nasizmə meylli olmaqda ittiham edib və bildirib ki, o, istənilən vaxt “X” sosial şəbəkəsindəki hesabını bağlaya bilər.
“Fikirlərimi ifadə etdiyim yerdə nasizmə meylli bir adam var. İlon Mask hər an hesabımı bağlayacaq. Ona görə də Pinoçetin “barbarlıq qarşısında susmaq” tezisi həmişəkindən daha çox tətbiq edilir”, - dövlət başçısı vurğulayıb.
Petro diqqətə çatdırıb ki, müasir dünyada sosial şəbəkələr öz alternativ imkanlarını nümayiş etdirib və indi ən varlı insanlar onları əldə edirlər.
Bundan əvvəl Braziliyanın Ali Federal Məhkəməsi Maska məxsus sosial şəbəkənin işini dayandırmaq qərarına gəlib. Amerikalı iş adamı “X”ın ölkə üzrə qanuni nümayəndəsini təyin etməkdən imtina etdikdən sonra qərar qəbul edilib. İndi Braziliyada sosial şəbəkə istifadəçiləri cərimələnməyə başlayacaq.