İlham Əliyev: “Biz onlara artıq dərs vermişik, bu proses davam edəcək”

Siyasət

29.09.2020 - 14:02

Azərbaycan Prezidenti: “Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır”

 

“Ermənistan keçən ay ordumuz tərəfindən yaxalanan diversiya qrupu göndərdi. Diversiya qrupunun başçısı yaxalandı və o, ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi. Biz onların müharibəyə hazırlaşdığını gördük”. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən bildirib.

 

“Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən, aralarında iki uşaq olan beş nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək”, - dövlət başçısı vurğulayıb.

 

“İki il bundan öncə Ermənistanda əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə son qoyacaq, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir”, - deyən Prezident vurğulayıb ki, təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur: “Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. Əsas müxalifət partiyasının lideri bu yaxınlarda həbs olunub. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Həbslər olub. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir”.

Müəllif: Ayna.az