İlham Əliyev: "Biz siyasi, eləcə də iqtisadi əlaqələr baxımından çox iş görmüşük"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Latviya Respublikasının sabiq Prezidenti Raymonds Veyonislə görüşüb.
AYNA xəbər verir ki, qonağı salamlayan Prezident İlham Əliyev deyib:
- Sizi görməyimə şadam. Xoş gəlmisiniz.
Raymonds Veyonis: Yenidən Bakıda olmaq xoşdur.
Prezident İlham Əliyev: Mən öyrəndim ki, siz ölkəmizdə səfərdəsiniz. Sizi görməyimə çox şadam.
Raymonds Veyonis: Dünən gəlmişəm və iki mühazirə oxumuşam.
Prezident İlham Əliyev: Bəli, bilirəm, ADA-da
Raymonds Veyonis: Təkcə ADA-da deyil, həm də Qərbi Kaspi Universitetində.
Prezident İlham Əliyev: Çox yaxşı.
Raymonds Veyonis: Mən Azərbaycan və Latviya tarixi, mədəni əməkdaşlıqla bağlı fikirlərimi bildirdim.
Prezident İlham Əliyev: Mən bizim birgə işimizi xatırlayıram. Sizin Azərbaycana rəsmi səfərinizi, mənim Latviyaya rəsmi səfərimi xatırlayıram. Düşünürəm ki, birgə fəaliyyətimiz ərzində biz münasibətlərimizi irəli aparmağa nail olmuşuq.
Raymonds Veyonis: Çox iş görmüşük.
Prezident İlham Əliyev: Biz siyasi, eləcə də iqtisadi əlaqələr baxımından çox iş görmüşük. Mən, həmçinin şadam ki, biz razılaşdırdığımız bütün işləri həyata keçirmişik. Xatırlayıram ki, ölkənizə son səfərim zamanı biz Azərbaycan Ticarət Evinin açılması ilə bağlı sizinlə razılığa gəldik.
Raymonds Veyonis: Bəli, Ticarət Evi.
Prezident İlham Əliyev: Bir müddət sonra o açıldı. Bu, sizin regionda ilk Azərbaycan Ticarət Evidir. Hazırda bizim Polşada, Çində, Rusiyada, Ukraynada, Birləşmiş Ərəb Əmirliklərində, bəzi başqa ölkələrdə ticarət evlərimiz var. Mən şadam ki, sizin regionunuzda bu, Latviyadadır, çünki bizim həqiqətən də sıx əlaqələrimiz var. Bildiyiniz kimi, Latviyanın sabiq Prezidenti xanım Vike Freyberqa da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi çox fəaldır. Beləliklə, əlaqələrimizin yaxşı tarixçəsi var. Əminəm ki, qarşıdakı illərdə ölkələrimiz sıx əməkdaşlığı davam etdirəcək.
Raymonds Veyonis: Əlaqələr həqiqətən də çox yaxşıdır. Bu gün tələbələrə dediyim kimi, biz həqiqətən də müxtəlif səviyyələrdə hər zaman inkişaf etdirilməsi mümkün olan əla tərəfdaşlığa ümid bəsləyirik və düşünürəm ki, hər iki tərəf bu tərəfdaşlıqdan zövq alacaq. Bizim ölkəmiz üçün Azərbaycan bu regionda çox yaxın strateji tərəfdaş olub, tərəfdaşdır və tərəfdaş olacaq.