İki nəhəng  inhisarçı qurum birləşir: alqışlayanlar da var, daha ziyanlı sayanlar da

Cəmiyyət

28.01.2022 - 11:19

Osman Gündüz: “Birləşmədən sonra vahid qurum Bakı şəhəri üzrə əldə olunan gəlirlər hesabına regionlara yatırım edə biləcək”

Vahid Qasımov: “Əvvəllər iki monopolist qurum var idisə, indi bir monopolist qurum olacaq ki, bu da monopoliyanın daha şiddətli olacağı deməkdir”

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” adlı seminarda çıxış edərkən, yaxın günlərdə iki dövlət rabitə operatorunun - “Aztelekom”la “Baktelecom”un birləşdiriləcəyini açıqlayıb. Nazir müavini hazırda bu istiqamətdə hüquqi prosedurların həyata keçirildiyini deyib.

Bəs bu dəyişiklik internet-telekommunikasiya bazarında hansı yenilikləri vəd edir? Qeyd edək ki, hazırda ölkə üzrə internet sürətindən kifayət qədər şikayət, təqdim olunan sürət qarşılığında internet xidmətinin qiymətinin baha olması ilə bağlı çox insanda narazılıq var.

Mövzu ilə bağlı AYNA-ya danışan Azərbaycan İnternet Forumunun (AİF) prezidenti, İKT üzrə ekspert Osman Gündüzün sözlərinə görə, bu dəyişikliyi bir neçə istiqamətdən müsbət qiymətləndirmək olar: “Hər ikisi dövlət operatorudur. “Aztelekom” regionlar, “Baktelecom” Bakı şəhəri üzrə nəhəng dövlət telekommunikasiya operatorlarıdır. Həm də qanunvericiliyə görə, hər ikisi təbii inhisar subyektləri hesab olunur. Gözlənilən dəyişikliklə iki inhisar subyektinin birləşməsi baş verəcək. Bu da dövlət xərclərinin azalması, daha səmərəli və effektiv idarəetmə baxımından müsbət hal kimi dəyərləndirilə bilər”.

“Bakı şəhəri üzrə telekommunikasiya sektorundan əldə olunan gəlirlər regionlara nisbətən daha çoxdur. Çox güman ki, bu birləşmədən sonra vahid dövlət operatoru Bakı şəhəri üzrə əldə olunan gəlirlər hesabına regionlara da yatırım edə biləcək. Şəhərdən əldə olunan gəlirlərdən regionların internet telekommunikasiya infrastrukturunun inkişafı üçün isifadəsi əhəmiyyətli məsələlərdən biridir”, - deyə ekspert bildirib.

O, mümkün risklərdən də bəhs edib: “Burada müəyyən risklər də ola bilər. İki təbii inhisar subyektinin bir nəhəng şirkətdə birləşməsi biznes, internet-telekommunikasiya bazarında müəyyən risklər də yarada bilər. Yeni yaranan, amma hələ formalaşmayan bir dövlət qurumu var – İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi. Nazirliyin nəzdində yaradılıb, amma hələ formalaşmayıb. Ona görə düşünürəm ki, bu qurumun da tez bir zamanda yaranması doğru olardı. Çünki nəzarəti bu qurum həyata keçirəcək. Dövlət, özəl operatorlara eyni münasibət bəsləmək, vahid mərkəzdən tənzimləmək işinə baxacaq”.

“Bu baxımdan hesab edirəm ki, birləşmədən öncə bu dövlət qurumunun formalaşması, onların qayda-qanunlarının bəlli olması daha doğru olardı ki, riskləri tarazlayardı. Bildiyim qədər Nazirlik beynəlxalq qurumları da bununla bağlı dəvət etmişdi. Eyni zamanda “Aztelekom”a da xarici bir qurumu menecer olaraq təyin ediblər”, - deyə həmsöhbətimiz vurğulayıb.

Gündüzün fikrincə, RİNN də birləşmədən sonra yaranacaq qurumun bazarda inkişafa dəstək verməsini istəyir, nəinki rəqabətin məhdudlaşdırılmasını: “Hesab edirəm ki, bu istiqamətdə də riskləri minimuma endirmək, inkişafa təkan vermək üçün Nazirlik və tənzimləyici qurum tərəfindən daha əməli, daha ciddi addımlar atılacaq”.

Lakin İKT üzrə mütəxəssis Vahid Qasımov dəyişikliyə həmkarı qədər nikbin yanaşmır. O, AYNA-ya açıqlamasında iki qurumun birləşməsindən müsbət nəsə gözləmədiyini deyib.

“Bu, heç bir dəyişiklik vəd etmir. İkisi də Nazirliyə tabe olan, inhisarçı qurumlardır. Əgər əvvəllər iki monopolist qurum var idisə, indi bir monopolist qurum olacaq. Bu da monopoliyanın daha şiddətli olacağı deməkdir. Hazırda hər iki qurum ölkədəki internet bağlantılarının böyük hissəsini - xüsusilə də regionlar üzrə - öz əllərində cəmləşdirib”, - deyə ekspert söyləyib.

Müəllif: Aləmdə Nəsib