“Ermənistanın baş naziri sülh müqaviləsini imzalamamaqla yanaşı, bölgədəki vəziyyəti daha da kəskinləşdirir”
“Ermənistanın Baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 7-də verdiyi açıqlamalar bir daha onu göstərir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaq, ölkəmizə qarşı ərazi iddiasına son vermək niyyəti yoxdur”. AYNA xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının (QAİ) Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamalarına cavab bəyanatında əksini tapıb.
Qeyd edilib ki, Ermənistan yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: “Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü o halda tanıyır ki, “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi təmin edilsin”. Hər dəfə “beynəlxalq mexanizm” kimi utopik fikirləri təkrar etməklə Ermənistanın Baş naziri faktiki olaraq Azərbaycana şərt qoyur. Tarix N.Paşinyanın 2020-ci il Tovuz döyüşlərindən sonra Azərbaycana qarşı “7 şərt”lə çıxış etməsini, onun və ölkəsinin sonrakı aqibətini yaxşı xatırlayır”.
“Təəssüf ki, Ermənistanın Baş naziri sülh müqaviləsini imzalamamaqla yanaşı, bölgədəki vəziyyəti daha da kəskinləşdirir. Bir daha vurğulayırıq ki, N.Paşinyan bu günlərdə qondarma qurumun “müstəqilliyinin ildönümü”nə dair müraciəti ilə danışıqlar prosesini məhv edib. Ermənistan öz ordusunun qalıqlarını tam olaraq Azərbaycanın suveren ərazilərindən çıxarmalı, ölkəmizin daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir. Eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərə dialoq təklifi ünvanlayan Azərbaycandan ibrət götürərək, bizim öz dədə-baba yurdlarımıza qayıdışımızla bağlı Qərbi Azərbaycan İcması ilə təmaslara başlamalıdır”, - deyə bəyanatda qeyd edilib.