Hökumət bir də payızda oyanacaq ki...

İqtisadiyyat

11.07.2020 - 14:35

Həkimlər Klinikalar SEO Xidməti

Bank kreditləri ilə bağlı problemi sabaha saxlamaq olmaz

 

Ekspert dairələrində əminlik var ki, pandemiya problemli kreditlər məsələsini daha da çətinləşdirəcək. Vətəndaşlar gəlirlərini itirirlər, sərt karantin rejimi elan edən hökumət isə banka borcluların problemini həll etmək fikrində deyil.

 

Baxmayaraq ki, aprel ayında Mərkəzi Bank bütün banklara sentyabrın 30-dək kredit moratoriumu tətbiq etməyi, yəni altı ay ərzində borcluları aylıq kredit ödənişlərindən azad etməyi tövsiyə etmişdi, maliyyə qurumları müştərilərə güzəşt etməyə tələsmir. Bu da başadüşüləndir, çünki belə bir istəklə dövlət maliyyə institutlarına heç bir dəstək olmadan bankların üzərinə ağır yük qoyur.

 

Əhalinin bank borcu problemi cəmiyyəti silkələməyə davam etsə də,  karantin ayları ərzində bu məsələ öz həllini tapmayıb. Təkrar sərt karantin rejiminə qayıdış biznes və əhalinin bank kreditləri ilə bağlı vəziyyəti daha da ağırlaşdırdı. Axı, hökumət işləməyi qadağan edirsə, borcları necə ödəmək olar?

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini ...

İqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, biznes və ictimaiyyət üçün kredit güzəştləri olmayacaqsa, gələcəkdə bizi böyük çətinliklər gözləyir: “Bu vəziyyətdən minimum itki ilə çıxmaq üçün problemin həlli ilə indidən məşğul olmaq lazımdır. İlk növbədə, pandemiya zamanı biznesin və əhalinin bank kreditləri üzrə bütün faiz dərəcələrinin hesablanmasını dondurmaq lazımdır. Bununla yanaşı, kredit və maliyyə qurumları üçün bütün növ dövlət rüsumlarına vergi moratoriumunun tətbiq olunması vacibdir”.

 

“Bu cür addımları Mərkəzi Bank və dövlət birgə həyata keçirməlidir. Mərkəzi Bank banklar üçün digər güzəştlər də edə bilər. Məsələn, maliyyə qurumlarına milli valyutada çox aşağı və hətta sıfır faiz dərəcəsi ilə kredit verə bilər. Güzəşt olaraq tənzimləyici altı ay müddətinə banklara sıfır dərəcəsi ilə borc verə bilər və qalan altı ayı 2-3 faizə çatdıra bilər”, - ekspert bildirib.

 

Onun fikrincə, profilaktik tədbirlər görülməzsə, yerli maliyyə qurumlarının problemli kreditlərinin həcmi artacaq: “Və bir müddət sonra dövlət yenidən bu problemə müdaxilə etmək məcburiyyətində qalacaq. Ancaq belə gecikmə baha başa gələcək. Buna görə qabaqlayıcı addımlar atmaq və baha başa gələcək gecikmələr etməmək daha məntiqli olar. Belə vəziyyət davam edərsə, dövlət bir də payızda ayılacaq ki, toksik bank borcları ilə bağlı problem artıq ən yüksək həddə çatıb”.

 

“Hökumətin yalnız oktyabr-noyabr aylarında problemli, toksik kreditlərin həcmi kəskin artdıqda və banklar stresli vəziyyətə düşəndə oyanacağından qorxuram - nə vətəndaşlar, nə də müəssisələr borc ödəyə bilirlər. Və onda hansısa addımlar atmaq gec olacaq, belə ki, həm banklar, həm də vətəndaşlar və müəssisələr zərər görəcək”, - Cəfərli vurğulayıb.

 

Hazırda problemli kreditlərin statistikası çox da narahatlıq doğurmur. Mərkəzi Bankdan verilən məlumata görə, bu ilin 1 iyun tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1084,8 milyon manat təşkil edib ki, bu da mayın 1-nə olan göstəricidən 12% azdır. Bundan əlavə, zərərli kreditlər ilin əvvəli ilə müqayisədə 14,8%, ötən ilin eyni dövrü ilə müqayisədə 27,4% azalıb.

 

Problemli bank borcları seqmentində göstəricilərin azalmasından danışan ekspertlər, bu halı dövlət başçısının ötən ilin fevralında imzaladığı sərəncamın nəticəsi ilə əlaqələndirirlər. Bu sərəncama görə, əhalinin 10 min ABŞ dolları dəyərində olan bank kreditlərində devalvasiya fərqinin ödənilməsi nəzərdə tutulurdu. Bununla belə, problemli bank kreditlərinin statistikası real vəziyyəti əks etdirmir, çünki banklar kredit portfellərində faktiki zəhərli borc göstəricilərini gizlədir.

Müəllif: Tanya Samsonova