“İnteqrasiya zamanı proqram təminatı ilə bağlı bəzi problemlər var idi”
Hindistan Silahlı Qüvvələri tezliklə Hindistan istehsalı olan ilk “LCA Mark 1A” qırıcı təyyarəsini işə sala bilər. AYNA xəbər verir ki, bu barədə ANI agentliyi mənbəyə istinadən məlumat yayıb.
Hindistan Hərbi Hava Qüvvələri (IAF) üçün Yüngül Döyüş Təyyarəsi (LCA) “Mark 1A” qırıcısı Hindistanın “Hindustan Aeronautics Limited” (HAL) şirkəti tərəfindən yığılır. Əvvəllər təyyarənin 2024-cü ilin fevralına qədər təhvil veriləcəyi planlaşdırılırdı. Lakin müxtəlif səbəblərdən cədvəl dəyişdi.
“İnteqrasiya zamanı proqram təminatı ilə bağlı bəzi problemlər var idi. Biz bu məsələləri həll etməyə çalışırıq və indi bu il avqustun 15-dək ilk təyyarəni təhvil verməyi hədəfləyirik”, - mənbə bildirib.
Bundan əvvəl Hindistan Müdafiə Nazirliyi HAL-a 97 “LCA Mark 1A” qırıcısının alınması üçün tender elan edib. Bu tender yerli hərbi texnikanın ən böyük sifarişidir.
“LCA Mark 1A” Hindistanda dizayn edilmiş və hazırda istehsal olunan yeganə döyüş təyyarəsi olan “Tejas”ın təkmilləşdirilmiş versiyasıdır. Bu qırıcı üzərində işlər 1980-ci illərdən davam edir. O, ilk uçuşunu 2001-ci ildə edib və 2015-ci ildə qırıcının istismara verilməsi qərara alınıb.