Hər kəs sənsiz daha xoşbəxt deyil, əksinə…

Cəmiyyət

17.03.2021 - 19:08

Həkimlər Klinikalar SEO Xidməti

İntihar yalnız çətinliklərdən xilas olmaq üçün verilən qərar deyil

 

Psixoloqların fikrincə, hər kəs həyatı boyu bir dəfə də olsa, intihar barədə düşünür. Lakin məlumdur ki, intihar etməyi düşünməklə, intihar haqda düşünmək arasında fərq var. Gündəlik sosial mediada, KİV-lərdə intihar haqda çox eşidir, çox görürük. Bu zaman istər-istəməz, intihar haqda düşünür, bəzən, hətta həmin şəxsi mühakimə edir və ya onun niyə belə bir qərara gəldiyini anlamağa çalışırıq.

 

Suallar həmişə çox olur, cavablar isə müxtəlif. AYNA mövzu ətrafında psixoloq Gülnarə Muxtarova ilə həmsöhbət olub.

 

- İntihar haqda düşünməklə intihar etməyi düşünmək arasında hansı emosional fərqlər var? 

 

- Bildiyimiz kimi bütün canlılar dünyaya yaşamaq üçün gəlir. Biz həyatımız boyu müəyyən mübarizə içərisində oluruq. Bu mübarizə həyatımızı, yaşayışımızı davam etdirmək üçündür. Əlbəttə ki, həyatımız boyunca qarşımıza müəyyən problemlər çıxır. Bu problemlərlə kimi mübarizə aparmağı, savaşmağı seçir, kimi də heç bir şey etməməyi. Bir qisim insan isə mübarizə apardıqdan sonra yorulur, vaz keçir. Bu zaman bir çıxış yolu axtarmağa başlayır. Lakin çıxış yolu da tapa bilmədikdə həyatını davam etdirməməyi seçir. Bu seçim insanların tamamilə emosional ruh halında verdikləri qərardır. Biz intihar etmək istəyən insanla danışsaq, düşüncəsini dinləsək, görərik ki, əslində vəziyyət bir qədər fərqlidir. Belə ki, kimi intihar edərək beynindəki düşüncələri öldürmək, kimi apardığı mübarizədən yorulduğu üçün, kimi yaşadıqlarına daha gücü çatmadığını hiss edir və bunu dayanadırmaq istəyi ilə intiharı seçir. Yəni, burada əsas məsələ öz canına qıymaq, həyatını bitirmək deyil, onu incidən, yoran, əzab verən nəsnələrdən canını qurtarmaq istəyidir.

No description available.

- Qadınlar intihar haqda çox düşünsə də, statistikaya görə, intihar edənlərin əksəriyyəti kişilərdir. Bu, nə ilə bağlıdır? Qadınların daha emosional olduqlarını nəzərə alsaq, bunlar da tez alışıb-tez sönən, müvəqqəti ruh halından yaranmış düşüncələrdir, yoxsa necə?

 

- Ümumiyyətlə, bəli, qadınlar intihar haqda daha çox düşünürlər, intihara daha meyilli olurlar. Qadınlar arasında intihar hallarına daha çox 45-54 yaş aralığında rast gəlinir. Kişilərdə isə bu, 65 yaşdan sonradır. Ümumilikdə isə intihar hallarına ən çox daha gənc yaşlarda rast gəlirik. Bu, 18-21 yaş aralığıdır. Qadınlar daha emosional olurlar. Anında qərar verməyə üstünlük verirlər. Buna görə də həmin anda yaşadıqları olay, olduqları situasiya səbəbi ilə intihara qərar verir və ya cəhd edirlər. Sonradan isə həmin vəziyyəti analiz etdiklərində müəyyən bir çıxış yolu tapma ehtimalları kişilərlə müqayisədə qadınlarda daha yüksək olur. Buna görə də kişilərin qərar verib həyata keçirmə ehtimalı və intihar etmə riski daha yüksəkdir.

 

- Bizə elə gəlir ki, həyatda uğursuz olduğunu düşünən insanlar intiharı seçir, lakin cəmiyyətin gözü ilə baxdıqda heç də uğursuz hesab olunmayan N sayda insan var ki, həyatını intiharla sonlandırıb. Niyə yüksək həyat şərtlərinə sahib, uğurlu hesab olunan insanlar da intihar edir?

 

- İntiharın səbəbləri çoxdur. Bu, həyat tərzi, psixioloji xəstəliklər, psixoz halı, düşünmədən ani qərar vermə halları, istənmədən edilən yanlış hərəkətlər və nəticəni qəbullana bilməmək və sair ola bilər. Uğurlu olmaq, yüksək həyat şərtlərinə sahib olmaq da hələ o demək deyil ki, bu şərtlər intihar riskini azaltmış olacaq. İntihar statistikalarına baxsaq, inkişaf etmiş ölkələrdə yüksək həyat şərtləri altında yaşayan, ehtiyacları az olan insanların daha çox intihar etdiyini görəcəyik. Çünki həmin insanları həyata bağlayacaq bir məqsəd yoxdur. Bu halda həmin insanlar istədikləri hər şeyi əldə ediblər və müəyyən mövqeyə çatıblar. Bu zaman yaşamaq üçün hansısa həvəsləri olmadığı üçün, onların maraq dairəsinə daha fərqli nəsnələr daxil olduğu üçün intihar etməyi qərarlaşdırırlar.

 

- Depressiya, şizofreniya, şəxsiyyət pozuntusu kimi xəstəliklərin də intihara səbəb olduğu bildirilir. Əgər intihara bu cür zəncirvari proseslərin nəticəsi kimi baxası olsaq, hər kəs özlüyündə intihar edəcəyini əvvəldən müəyyənləşdirə bilərmi?

 

- Psixoloji problemlər intiharla nəticələnə bilir. Başda gələn psixoloji xəsətəliklərdən təşviş pozuntusu, bipolyar pozuntu, depressiya, şizofreniyanın olduğu görülür. Bəlkə də, ən çox yayılan və intihara səbəb olan xəstəliklərdən biri depressiydır. Depressiyanın da səbəbləri müxtəlif olur: iqtisadi vəziyyət, emosional münasibətlərdəki problemlər, individual duyğulardan qaynaqlanan səbəblər, özünəqapanma və sair. Depressiyada olan insan belə bir düşüncədə olur ki, hər kəs mənsiz daha xoşbəxtdir. Bu düşüncədə də olduğu üçün həyatını davam etdirmək, yaşamaq üçün özünə başqa bir səbəb tapa bilmir. Bu zaman da intihara meyilli fikirlər yaranmağa başlayır. Lakin bu, o demək deyil ki, problemlər zəncirvari davam edərsə, həmin şəxs intihar edəcəyini bilir və ya biz belə düşünməliyik. Depressiya nə qədər ağır psixoloji xəstəlik olsa da, müalicəsi mümkün olan bir xəstəlikdir. Ona görə də psixoloji xəstəliklərin yaşanması o demək deyil ki, bunun sonu intiharla nəticələnək. Yaxşı olar ki, zamanında psixoloji dəstək alınsın.

Əslində, yaşamaq istəyirlər...

- İntihar etmək düşüncələri olan şəxsi psixoloji dəstəklə yayındırsaq, yenidən bu fikrə düşmə ehtimalı nə qədərdir?

 

- İntihar etmək istəyən birini psixoloji dəstəklə bu fikirdən yayındırsaq, sonra yenidən bu haqda düşünməsi və cəhd etməsi halı ola bilər. Ona görə də müntəzəm olaraq nəzarətdə qalması, mütəxəssisdən dəstək alması və bununla bərabər ailənin də motivasiya verməsi, emosional dəstək olması çox önəmlidir. Ta o zamana kimi ki, həmin şəxs bu düşüncələrədən tamamilə uzaqlaşsın.

 

- Yaxınlığımızdakı insanlardan kiminsə intihar edəcəyinin necə fərqinə varaq?

 

- Onsuz da intihar etmək fikri olan insan bunu hiss etdirir. Düzdür, hiss etdirməyən insanlar da olur. Bu vəziyyətlərdə daha çox situasiya belə olur ki, insan qərarını verib, intihar etməyi planlaşdırır və bu, kənardan hiss edilmir. Lakin hiss etdirilən məqamlarda həmin şəxsin özünü başqalarından təcrid etməyə başlaması, ünsiyyətdən qaçması, özünə qapanmanın hədsiz dərəcədə çox olması, özünü dəyərləndirmənin çox aşağı olması, özgüvən əksikliyi, hər bir şeydə özünü günahlandırma, lazımsız, dəyərsiz hiss etmə və bunu ifadə edən fikirlər səsləndirməsi kimi əlamətlər şübhələnməyə əsas verir.

 

- Bu zaman ona necə kömək edək?

 

- İlk olaraq mütləq nələrsə etməliyik. Tanıdığımız birinin intihar etməyindən şübhələnmişiksə, hərəkətə keçməliyik. Kömək olmadan yaxşılaşacağını, özünün özünə kömək edəcəyini düşünməyimiz yersiz olar. Buna görə də ilk olaraq özümüz panikaya düşməməli və ya onu özü ilə baş-başa buraxmamalıyıq. Onunla danışmaq, ünsiyyət prosesinə fikir vermək lazımdır. Həmin şəxslə danışmaqla o, özü-özünü anlayacaq, ortalığa müəyyən həll yolları çıxacaq. Yaxşı olar ki, həmin şəxslə birlikdə vaxt keçirə, ona diqqət, qayğı göstərəsiniz. Onun dəyərli olduğunu, bizim onun üçün narahat olduğumuzu hiss etdirməyimiz lazımdır. Tez-tez özünü necə hiss etdiyini, nə düşündüyünü, nəyə fokslandığını öyrənmək lazımdır. Ən əsası suallar verərək danışdırmaqdır. Çünki problemlər danışdıqca kiçilir, həll yolları tapma ehtimalı artır. Bu əsnada intiharla bağlı da suallar verilə bilər. İntihar düşüncəsinin olub-olmaması barədə soruşmaq olar. Bu cür söhbətiniz və suallar onu rahatlaşdıra bilər. Ən əsası isə belə olduqda o, hiss edəcək ki, onu da düşünən, anlamağa çalışan biri var.

 

- Psixoloji dəstək almaqdan boyun qaçıran insanlar olur, onlarla nə edək? Belələrinin gec və ya tez nə zamansa intihar edəcəyini düşünməkdə haqlıyıqmı?

 

- Əlbəttə ki, intihar düşüncəsi, suisidə meyilli olan insanların hamısı da psixoloji dəstək almağa meyilli olmur. Terapiyadan boyun qaçıran, geri çəkilən insanlar da olur. Bu halda da məcburi olaraq nəsə etmək düzgün olmazdı. Burada əsas məsələ həmin şəxsin nə qədər təhlükəsizlikdə olub-olmadığını müəyyənləşdirməkdir. Belə ki, intihar etmək barədə nə düşündüyü, qərarının nə olduğunu öyrənmək çox önəmlidir. Özünü nə zaman və necə öldürməyi düşündüyü haqda soruşmaq olar. Bundan başqa, “ona necə yardım edilməsini istəyərdi” kimi suallar soruşmaq olar. Bu məlumatlar əldə edildikdən sonra birlikdə müəyyən addımlar atmaq olar. Yaxşı olar ki, həmin şəxsi professional dəstək alamağa razı salaq. Bu zaman ailə üzvlərindən çox yaxın olduğu digər insanların da köməyinə ehtiyacınız ola bilər. Ona görə də həmin şəxsi danışdırmaq və əldə etdiyiniz məlumatları digər yaxınları ilə də paylaşmaq yaxşı olar.       

 

- İntiharı da bir seçim olaraq qəbul etsək, bununla barışmaq olarmı?

 

- Ümumiyyətlə, intihar heç bir halda bir seçim və çıxış yolu deyil. Bunu intihar etmək fikri olan, bu qərarı vermiş insana çatdırmaq, buna inandırmaq lazımdır. İntihar etsə belə, bunun bir cəsarətsizlik nümunəsi olduğunu bildirməliyik. Təəssüf ki, intiharı çıxış yolu olaraq görən, bu yolu seçənlər də var. Lakin əvvəldə də qeyd etdiyim kimi intihar edən insanlar, əslində həyatlarını bitirmək, ölmək istəmirlər. Onları narahat edən problemlərdən azad olmaq üçün bunu edirlər. Bir çox intihara meyilli olan və ya cəhd edən insanlar da əslində başqalarından kömək görməyi çox istəyir, bunu umurlar.

 

- Nədən çox danışsaq, şüuraltımıza işləyir və bizə təsir edir. Belə isə intihar haqda danışmaq, mediada yayımlanan intihar xəbərləri intihar statistikalarna necə təsir edir?

 

- Doğrudur, nədən çox danışsaq, bizə təsir edə bilir. Amma sağlam düşüncədə olan, intihar etməyə dair hər hansı fikri, hansısa psixoloji xəstəliyi, problemi olmayan insan nə qədər bu haqda görsə də, eşitsə də, ona təsir etməz. Əks halda hansısa psixoloji, iqtisadi problemlərinin olması, hər hansı travma yaşamağı və sair intihara meyillənməsinə təsir edə bilər.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş