Həmsədrlərin Bakı və İrəvana səfər planı var

Siyasət

26.08.2020 - 17:36

Lavrov: “İlk növbədə situasiyanı normallaşdırmaq, hansısa insidentləri dayandırmaq lazımdır”

 

Bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla baş tutan danışıqlardan sonra mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, Lavrov rəsmi Moskvanın Ermənistan-Azərbaycan sərhədində baş verən iyul hadisələrinin gələcəkdə təkrarlanmayacağına ümid etdiyini bildirib.

 

Rusiya XİN başçısı vurğulayıb ki, Dağlıq Qarabağ məsələsində beynəlxalq birliyin qəbul etdiyi qərarlar əsas götürülməlidir: “ATƏT çərçivəsində ciddi danışıqlar bazası formalaşdırılıb. Əlbəttə, danışıqlar intensivləşsəydi daha yaxşı olardı, amma bu planların baş tutması üçün ilk növbədə situasiyanı normallaşdırmaq, hansısa insidentləri dayandırmaq lazımdır”.

 

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakı və İrəvana səfər etmək, həmçinin, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında əlaqə yaratmaq planları var”, - deyə Lavrov qeyd edib.

Müəllif: Ayna.az