“Dəyişikliklər sosial narazılıqları azaltmağa hesablanıb”

Siyasət

22.01.2020 - 17:00

Rauf Mirqədirov: “Postsovet ölkələrində yaşanan proseslər eyni beyin mərkəzinin məhsullarına oxşayır”

 

Son zamanlar MDB məkanında ardıcıl dəyişikliklər və hökumətlərin istefaları baş verir: Azərbaycanda başlayan kadr islahatları, bugünlərdə Rusiyada, ardınca isə Özbəkistanda hökumətinin istefası. Bu, bir-biri ilə əlaqəli prosesdirmi? Keçmiş SSRİ ölkələrində yaşanan oxşar hadisələr arasında hansısa bağlantı axtarmaq olarmı?

 

AYNA-nın bu mövzuda suallarını politoloq Rauf Mirqədirov cavablandırıb:

 

- Rauf müəllim, son vaxtlar MDB məkanında bir sıra ciddi dəyişikliklərin şahidi oluruq. Sizcə, nə baş verir?

 

- Məndə belə təəssürat yaranır ki, bütün bunlar hamısı eyni beyin mərkəzinin məhsullarıdır. Azərbaycan və Rusiyada baş verən hadisələrə baxın. Bu hadisələrdə gətirilən arqumentlər belə, bir-birini təkrar edir. Yadınızdadırsa, bizim parlament buraxılmasını Prezidentdən xahiş edəndə belə bir arqumentlə çıxış etmişdi ki, “Prezident genişmiqyaslı islahatlara başlayır və Prezidentə manevr imkanları yaratmaq lazımdır. Parlament də həmin islahatlara, manevrlərə uyğun olmalıdır və tərkibi dəyişilməlidir”. Rusiyada da hökumət buraxılanda, təxminən eyni fikir səsləndi ki, Prezident parlamentə geniş dəyişikliklər üçün müraciət edəndə, ona manevr imkanlarının verilməsi üçün şərait yaradılmalıdır. Yəni eyni şablonları, arqumentləri görürük.

 

Bu şablonlar da nədən ibarətdir? Son dövrlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün maaşlar artırılıdı. İnsanların sosial rifahının artırılması barədə tədbirlər görüldü. Yəni biz bunları Putinin müraciətində də gördük. Belə ki, Rusiyada analıq pulunun, real gəlirlərin artırılması barədə fikirlər səsləndi. Hökumət etiraf etdi ki, son 10 ildə insanların real gəlirlərində artım olmayıb. Əslində, bütün bu problemlər Azərbaycan üçün də aktualdır. Çünki əməkhaqlarının artmasına baxmayaraq, son bir neçə ildə manat böyük devalvasiyaya uğramışdı. Yəni sözsüz ki, potsovet məkanının liderləri sosial gərginliyi və narazılığı artıq görməyə başlayıblar. Bunun üçün də müəyyən addımlar atılır. Bu addımlar da bir-birinin təkrarıdır. Digər tərəfdən, burada insanları təngə gətirmiş kadrları dəyişmək də nəzərdə tutulur. Doğrudur, buna hələ kadr islahatı demək olmaz, bu, sadəcə kadrların dəyişdirilməsidir.

- Necə düşünürsünüz, postsovet məkanında baş verən proseslərdə Rusiyanın diktəsi var?

 

- Düşünmürəm ki, Rusiyanın diqtəsi var. Sadəcə olaraq, postsovet ölkələri çox ciddi problemlər yaşayır. Məsələn, Ramiz Mehdiyevin vəzifədən çıxarılması Moskvanın maraqları çərçivəsində deyildi, əksinə, o, Moskvanı kifayət qədər qane edən adam idi. Sadəcə olaraq bütün postsovet məkanında sosial-iqtisadi vəziyyət ağırdır. Azərbaycanda orta aylıq əməkhaqqı 600 manatdan bir qədər çoxdur. Bu isə 300 avro dəyərindədir. Təbii ki, 300 avro dəyərində olan orta əməkhaqqı ilə heç bir inkişafdan danışmaq olmaz. Bu da çox ciddi problemdir və bu problemi həll etmək lazımdır. Bundan əlavə, əhali eyni oliqarxların həddindən artıq varlanmasından da neçə illərdir narazıdır. Sözsüz ki, bu tədbirlər həm də o narazılıqları azaltmaqdan ötrüdür.

 

- Dediniz ki, baş verən proseslərdə Rusiya amili rol oynamır. O zaman bu islahatların eyni vaxta təsadüf etməsini nə ilə əlaqələndirmək olar?

 

- Özbəkistan qapalı ölkədir deyə, oradakı vəziyyəti dəqiq analiz etmək çətindir. Amma Tacikistanda da hökumətin buraxılması olmasa da, onların parlamentə transfer edilməsi haqqında qərar qəbul olunub. Amma Azərbaycanda mümkün dəyişiklik haqqında söhbət 1 ildən artıq idi ki, gedirdi. Ümumiyyətlə, keçmiş Baş Nazirin vəzifəyə təyin olunması da düzgün seçim deyildi. Çünki onun iqtisadiyyatdan başı çıxmırdı. Bizdə də Baş Nazir iqtisadi blokun koordinatoru olmalı olduğu halda, siyasi məsələlərlə məşğul olur. Məlum idi ki, bu, müəyyən motivlərə xidmət edirdi. Rusiyada da o məsələlər çoxdan müzakirə edilirdi. Yəni, Medvedyevdən olan narazılıq bu günün narazılığı deyil. Bu dəyişikliyin olması ilə bağlı fikirlər çoxdan var idi. Bir sözlə, cəmiyyət buna hazır idi.

 

- Fikrinizcə, baş verən proseslər bütün MDB məkanına sirayət edəcək?

 

- Bu proseslər Qazaxıstanda, Qırğızıstanda, bir il əvvəl Ukraynada, iki il əvvəl Ermənistanda baş verib. Hətta Qırğızıstanın keçmiş Prezidenti indi həbsxanadadır. Ukraynada bir il bundan əvvəl baş verib. Yəni potsovet məkanının böyük bir hissəsində bu proses bizdən dəfələrlə əvvəl başlayıb. Bir növ, hərə öz varyantını seçib. Əslində, bu, sonsuz bir prosesdir. Yəni zaman-zaman istənilən ölkədə belə hallar baş verə bilər. Belə ki, Qazaxıstanda hakimiyyətdən gedib, hakimiyyətdə qalmağın müəyyən bir formasını tapdılar. Təxminən, Rusiyada da buna bənzər bir forma tapmağa çalışırlar. Ki, Putin artıq Prezident olmasın, ancaq hakimiyyətdə qalsın. Konstitusiyaya olunan dəyişiklik də prinsipcə buna yönəlib. Parlamentin səlahiyyətlərinin artırılması, Prezidentin səlahiyyətlərinin hökumət, parlament və Federasiya Şurası arasında bölüşdürülməsi tədbirləri artıq Prezidentin əl-qolunu bağlayacaq və parlamentin səlahiyyətləri artacaq. Bu halda, parlmentdə çoxluq təşkil edən partiyanın sədri olmaq daha əlverişli olacaq.

Müəllif: Mərahim Nəsib