“Benyamin Netanyahu əlavə şərtlər irəli sürərək danışıqları daha da çətinləşdirdi”
Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üçün aparılan danışıqlar nəticəsiz qalıb. AYNA xəbər verir ki, bu barədə “Sky News”a Fələstinin radikal HƏMAS hərəkatının nümayəndəsi Əhməd Abdel Hadi bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden administrasiyası sülh danışıqları ətrafında vəziyyətin əlverişli olaraq qaldığını iddia etməkdə davam edir, lakin bu, doğru deyil. O, danışıqların birinci raundunun uğursuzluğa düçar olduğunu və irəliləyişlərə səbəb olmadığını vurğulayıb.
“Vasitəçilər bizə mübahisəli məqamların həll olunmadığını söylədilər və İsrailin Baş naziri Benyamin Netanyahu əlavə şərtlər irəli sürərək danışıqları daha da çətinləşdirdi”, - Hadi bildirib.
Bundan əvvəl qeyd edilirdi ki, İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəslə bağlı danışıqlar konstruktiv şəkildə və müsbət atmosferdə gedir. İki tərəf arasında danışıqların yaxın vaxtlarda Qahirədə davam etdiriləcəyi bildirilib.