“Heç düşmənə də Rusiya və İran kimi müttəfiqlər arzulamıram”

Siyasət

19.10.2022 - 18:34

Avraam Şmuleviç: “Azərbaycan və Türkiyə ilə razılaşma olmazsa, Ermənistanın mövcudluğu tükdən asılı qalacaq”

Bu, həmişə açıq-aşkar olub, lakin son aylar xüsusilə üzə çıxıb - Ermənistan öz təhlükəsizliyi və gələcəyi üçün məsuliyyəti başqasının üzərinə atmaq istəyini dönə-dönə nümayiş etdirib. Əgər əvvəllər Ermənistan bu məsələlərdə tamamilə Rusiyaya arxalanırdısa, indi onların arasında müttəfiqlik münasibətləri artıq müəyyən şübhələr yaradır. İndi İrəvan Qərb istiqamətinə “stavka” edir: ya amerikalıları, ya da fransızları öz müdafiəsinə qalxmağa çağırır. Baxmayaraq ki, dərin fikirləşirsinizsə, xarici siyasətin bu istiqaməti özlüyündə dalana dirənib. Heç kim heç vaxt dilənçi ölkəyə hörmət etməz.

Təbii ki, çıxış yolu var və o, ilk növbədə Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin qurulmasından ibarətdir. Bütün problemli məsələlər onlarla həll olunarsa, o zaman uzaqdan himayədarlar və xilaskarlar axtarmağa ehtiyac qalmayacaq. Bu fikir yenilikdən uzaqdır, amma nədənsə, indi də İrəvanda bu qədər sarsıntılardan və siyasi dəyişikliklərdən sonra köhnə üsula üstünlük verməkdə davam edirlər. Niyə?

Mövzunu AYNA-ya Qafqaz, İslam dünyası və Yaxın Şərq üzrə israilli ekspert, Şərq Tərəfdaşlığı İnstitutunun (Qüds) sədri Avraam Şmuleviç şərh edib:

“Həqiqətən də, Ermənistan çox çətin vəziyyətdədir. İndi onun əsas müttəfiqləri Rusiya və İrandır. Ancaq indiki vəziyyətdə müttəfiqlər elədir ki, heç düşmənə də belə müttəfiqləri arzulamazsınız.

Ermənistan siyasətində çoxdan Rusiyadan Fransaya və ya ABŞ-a (yerli siyasətə müəyyən təsir gücünə malik güclü erməni diasporlarının mövcud olduğu ölkələrə) istiqamətlənmək istəyən qüvvələr var, lakin onlar o qədər də uğurlu deyil. Ona görə ki, rus agentləri təbii ki, Ermənistanın hər yerində - həm iqtisadiyyatda, həm də siyasətdə aktiv fəaliyyət göstərirlər.

Ermənistanın geosiyasi mövqeyi elədir ki, Azərbaycan və Türkiyə ilə razılaşma olmadan regionda sabitlik həqiqətən mümkün deyil, əks halda Ermənistanın güclü himayədarlığa ehtiyacı olacaq və onun mövcudluğu tükdən asılı qalacaq. Bunun üçün iki maneə var:

Birincisi, uzun illər əvvəl, əslində, hələ 1915-ci ildə, döyüşən türk ordusunun arxa cəbhəsində üsyandan sonra Rusiyanın himayəsinə arxalanan hakim erməni elitalarının özlərinin siyasətidir. Bu, faktiki olaraq Ermənistanı indi olduğu vəziyyətə gətirib çıxardı. Amma Ermənistanın hakim elitası üçün bu siyasətdən əl çəkib səhvini etiraf etmək kifayət qədər çətin olacaq.

İkinci maneə odur ki, onlar “genosid” (dırnaqlar bizimdir – red.) məsələsini erməni kimliyinin, erməni milli mifinin ön sırasına qoyurlar. Bu da səhvdir və erməni cəmiyyətinin, erməni milli psixologiyasının məyusluğuna gətirib çıxarır. Yəni onlar özlərini həmişə qurban kimi hiss edirlər və hər zaman Türkiyə və Azərbaycanın simasında daimi düşmənlər görürlər, hesab edirlər ki, onlar guya yalnız Ermənistanı məhv etmək fikrindədirlər, baxmayaraq ki, bu, əlbəttə ki, belə deyil.

Digər tərəfdən, Azərbaycanın siyasəti də müəyyən qədər dəyişdirilməlidir. Bir müddət əvvəl mən gənc azərbaycanlılara - tələbələrə, politoloqlara Qafqazda və dünyada vəziyyətlə bağlı mühazirə oxudum və müzakirələr Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldi. Bu gənclərin əksəriyyəti mənə dedilər ki, onlar hər şeyi başa düşürlər, lakin onların Ermənistanla şəxsi ədavəti var və Azərbaycanın Ermənistanla sülh münasibətlərində ola biləcəyi bir vəziyyət görmürlər. Təbii ki, bu qəbildən olan əhval-ruhiyyə Ermənistan cəmiyyətində böyük narahatlıq yaradır və hərtərəfli sülh sazişinin bağlanmasını, eləcə də təbii olaraq zəruri olan iqtisadi, siyasi və mədəni əlaqələrin normallaşdırılmasını çətinləşdirir - ortada güvən yoxdur.

Yəni Azərbaycan və Türkiyə Ermənistanla münasibətlər qurmaq istəyirsə, müstəmləkə imperiyaları ora gəlməmişdən əvvəl Qafqazda uzun müddət olduğu kimi, ermənilər, türklər və azərbaycanlılar arasında münasibətlərin normallaşmasına nail olmaq lazımdır. Beləliklə, Azərbaycanın bununla bağlı ilk növbədə təbliğat sahəsində müəyyən addımlar atması arzuolunandır. Türkiyə və Azərbaycan diplomatiyası, mediası sovet hakimiyyətinin son illərində xüsusilə kəskinləşən düşmənçiliyin aradan qaldırılmasının hər üç xalqın əlində olacağı fikrini təbliğ etməlidir.

İndi Ermənistan-Azərbaycan münaqişəsi üçüncü dövlətlərin, ilk növbədə Rusiya və İranın Azərbaycana da təzyiq göstərməyə çalışdığı rıçaqdır. Bu münaqişənin kökündən aradan qaldırılması Azərbaycanın beynəlxalq mövqeyini və təhlükəsizliyini xeyli yaxşılaşdıracaq.

Deməli, hərtərəfli sülhün əldə olunması həqiqətən də hər üç ölkənin maraqlarına uyğundur. Və ilk növbədə, Qərb bu münaqişənin aradan qaldırılmasında maraqlı olduğu üçün burada dəstək verə bilərdi. İsrail isə diplomatik və mədəni dəstək verə bilər. Çünki bizim keçmiş düşmənlərlə münasibətləri necə yaxşılaşdırmaq təcrübəmiz var.

Amma bunun üçün həm erməni siyasi elitasının istəyi, həm də Azərbaycan və Türkiyənin müəyyən addımları lazımdır. Ərdoğan, yeri gəlmişkən, son zamanlar bu istiqamətdə bəzi addımlar nümayiş etdirir”.

Müəllif: Rauf Orucov